İranda dəhşətli qətliam görüntüləri yayıldı

İranda artıq beşinci gündür internet hökumət tərəfindən faktiki olaraq tamamilə bağlanıb.

Musavat.com xəbər verir ki, rəsmi Tehranın bu addımı ölkədə etirazçılara qarşı həyata keçirilən kütləvi zorakılığı və qətliamları gizlətmək məqsədi daşısa da, baş verənlərin yayılmasının qarşısını almağa yetmir.

İran sosial şəbəkələrində, eləcə də ölkə xaricində fəaliyyət göstərən İran müxalifətinə yaxın mənbələrdə yayılan yeni foto və videogörüntülər insanı dəhşətə gətirir. Kadrlarda silahsız etirazçıların təhlükəsizlik qüvvələri tərəfindən kürləvi olaraq öldürüldüyü və küçələrdə minlərlə cəsədin olduğu görünməkdədir.

Müxtəlif mənbələrdən daxil olan məlumatlara görə, son günlərdə İranda yüzlərlə, bəzi iddialara əsasən isə minlərlə dinc nümayişçi İran təhlükəsizlik qüvvələri, xüsusilə SEPAH və Bəsic dəstələri tərəfindən qətlə yetirilib. Hətta bəzi iddialarda İran rejimi tərəfindın 12 min etitazçının öldürüldüyü iddia edilir. Rəsmi Tehran bu məlumatları təkzib etsə də, yayılan videolar və şahid ifadələri vəziyyətin son dərəcə ağır olduğunu göstərir.

Hazırda ölkədə internetin kəsilməsi real mənzərənin tam miqyasda üzə çıxmasına mane olur. Lakin müşahidəçilər bildirirlər ki, internet bərpa olunduqdan sonra İranda baş verən qətliamların miqyası daha dəhşətli faktlarla üzə çıxacaq. Artıq indi yayılan görüntülər hadisələrin təsvirini belə sözlə ifadə etməyə imkan vermir.

Xatırladaq ki, İranda dekabr ayının sonlarından başlayaraq kütləvi etiraz aksiyaları davam edir. Sosial-iqtisadi narazılıqla başlayan bu aksiyalar qısa müddətdə siyasi xarakter alıb. Hakimiyyət isə etirazlara qarşı sərt güc tətbiqi, kütləvi həbslər, qətllər və edamlarla cavab verir.

Məlumatlara görə, etirazlar davam etdiyi müddətdə təhlükəsizlik qüvvələri tərəfindən həyata keçirilən zorakılıq halları artmaqdadır. Küçələrdə açıq atəş, evlərə basqınlar, kütləvi həbslər və edam qərarları İran cəmiyyətində qorxu mühiti yaratmaq məqsədi daşıyır.

Buna baxmayaraq, yayılan görüntülər göstərir ki, zorakılıq dalğası İran xalqının etiraz iradəsini sındıra bilməyib və ölkədə gərginlik hər ötən gün daha da dərinləşir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31