Güney Qafqazda yeni geosiyasi balans: Azərbaycan strategiyası və regional güc dəyişiklikləri -ÖZƏL 

Rusiya-Ukrayna müharibəsi Cənubi Qafqazda uzunmüddətli güc balansını kökündən dəyişir. Moskvanın diqqətinin cəbhəyə yönəlməsi regionda "nəzarət boşluğu" yaradıb ki, bu da Türkiyə, İran və Qərbin fəallığını artırıb.
Rusiyaya inamın azalması İrəvanı təhlükəsizlik arxitekturasını diversifikasiya etməyə və Qərbə yönəlməyə məcbur edir.
Rusiya amilinin zəifləməsi Bakının suveren qərarlarını gücləndirsə də, Zəngəzur dəhlizi və sülh prosesi ətrafında yeni rəqabət riskləri yaradır. Region klassik hərbi müstəvidən daha mürəkkəb, çoxqütblü bir geosiyasi rəqabət mərhələsinə qədəm qoyub.
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib: 
" Güney Qafqazda son illərdə ciddi dəyişikliklər müşahidə olunur. Belə ki, Azərbaycan 44 günlük savaşda qələbə əldə etməklə bölgədə realları tamamilə dəyişdi və yeni reallar yaratdı. Bundan sonraki dönəmdə Rusiya-Ukrayna savaşının başlaması ilə Rusiyanın bölgədəki mövqeyi zəifləməyə başladı. Paralel olaraq bu istiqamətdə Türkiyə və Azərbaycanın rolu artdı. Eyni zamanda Qərb də Rusiya ilə bu bölgədə açıq rəqabətə girdi və müəyyən qədər nüfuzunu artırmağa nail oldu, xüsusilə Ermənistanda Avropa İttifaqının nümayəndəliyinin yerləşdirilməsinə nail olundu. Ermənistan təhlükəsizlik siyasətində şaxələnməyə başladı və qərblə əməkdaşlıq dərinləşdi. Bundan başqa, Hindistanla hərbi əməkdaşlıq da ciddi şəkildə irəlilədi. Bu proses Rusiyanın bölgədəki rolunun zəifləməsinə gətirib çıxardı, çünki Rusiyanın əsas diqqəti Ukraynaya yönəlmişdi. Bu boşluğu Azərbaycan, Türkiyə və Qərb müəyyən dərəcədə doldurdu. Son altı ay ərzində, xüsusilə Azərbaycanda və Ermənistanda Vaşinqtonda, Trampın iştirakı ilə sülh müqaviləsinin paraflanması, Zəngəzur dəhlizinin açılması və ABŞ ilə Ermənistanın memorandum  imazalanması və Amerikanın Zəngəzur dəhlizinə nəzarət etməsi. Bu, göstərir ki, ABŞ da öz maraqları uğrunda ciddi mübarizə aparır. Son aylarda ABŞ həm Azərbaycana, həm də Ermənistana münasibətdə fəaliyyətini intensivləşdirib. Beləliklə, bölgədə Rusiyanın zəifləyən nüfuzunun əvəzini digər tərəflər artırmağa nail olublar. Azərbaycan bu prosesi rasional şəkildə idarə etdi. Uzun müddət əraziləri işğal altında qalan Azərbaycan öz gücü ilə hərbi qələbə qazandı, torpaqlarını azad etdi və işğala son qoyaraq suverenliyini tam bərpa etdi. Əlbəttə, Azərbaycana müəyyən təzyiqlər var. Bunlar həm şimaldan, yəni Rusiyadan, həm də İrandan gəlir və paralel olaraq Qərbdən də təzyiqlər müşahidə olunurdu. Lakin Azərbaycan bu təzyiqləri əhəmiyyətli dərəcədə azaltmağa və onlara qarşı müvafiq mövqe göstərməyə nail olub, nəticədə təzyiqlər müəyyən qədər neytrallaşdırılıb.
Bu isə o demək deyil ki, təzyiqlər tamamilə dayanıb. Azərbaycanın müstəqil siyasət aparması hər kəsi məmnun etmir. Bu baxımdan, gələcəkdə də təzyiqlərin olacağı gözlənilir. Lakin Azərbaycan öz imkanlarını düzgün qiymətləndirərək balanslı siyasət yeritməklə bu təzyiqləri azaltmağa nail olub və bu siyasət davam edəcək.
Xüsusilə də Azərbaycanın dünyanın əsas qlobal gücləri ilə münasibətləri normal səviyyədədir. ABŞ ilə strateji əməkdaşlıq istiqamətində işçi qruplar yaradılıb. Azərbaycanın Çin Xalq Respublikası ilə strateji tərəfdaşlığı mövcuddur. Bütün gərginliklərə baxmayaraq, Rusiya ilə imzalanmış müttəfiqliyə dair memorandum fəaliyyət göstərir. İranla münasibətlər son bir ildə nisbətən normallaşıb, xüsusilə Prezident Pezeşkianın iki dəfə Azərbaycana səfəri bu münasibətləri yeni mərhələyə daşıya bilər.
Digər ənənəvi müttəfiqlər və strateji tərəfdaşlarla əməkdaşlıq da davam edir. Türk Dövlətləri Təşkilatına daxil olan ölkələr və digər strateji tərəfdaşlarla əməkdaşlıq nəzərdə tutulur. Yəni, bu siyasət Azərbaycanın ikili təzyiqlərdən qorunmaq üçün effektiv üsulu kimi qiymətləndirilə bilər". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31