İvanişvili hakimiyyət naminə öz "övladlarını" qurban verir – "Lelo"dan sərt bəyanat – ÖZƏL
15:05 DünyaOlaylar.az xəbər verir ki, "Lelo - Güclü Gürcüstan" partiyasının icraçı katibi Tazo Datunaşvili ölkədəki son siyasi prosesləri kəskin tənqid edərək, Bidzina İvanişvilinin hərəkətlərini "siyasi kannibalizm" adlandırıb.
Datunaşvilinin sözlərinə görə, "Gürcü Arzusu"nun təsisçisi Bidzina İvanişvili hakimiyyəti qorumaq üçün hər şeyə hazır olduğunu nümayişkaranə şəkildə göstərir: "Biz siyasi kannibalizmin şahidi oluruq. İvanişvili bütün Gürcüstana aydın mesaj verir ki, o, Kronos kimi öz övladlarını yeməyə başlayıb. Bu, təkcə "Gürcü Arzusu" üzvlərinə deyil, hamıya ünvanlanmış bir jestdir."
Partiya rəsmisi qeyd edib ki, İvanişvili hakimiyyətini qorumaq üçün illərdir "oğul kimi" böyütdüyü ən sadiq kadrlarını belə qurban verməyə hazırdır.
Onun fikrincə, baş verənlərin korrupsiya ilə mübarizə və ya ədalətlə heç bir əlaqəsi yoxdur:
"Burada ədalət axtarmaq mənasızdır. Daxili klan qarşıdurmaları nəticəsində bir qurban seçilir və nümayişkaranə şəkildə "edam" edilir. Bu, sadəcə hakimiyyəti qorumaq üçün həyata keçirilən bir qurbanvermə ritualıdır. Artıq heç kim İvanişvilinin hakimiyyət hırslarının qurbanı olmayacağından sığortalanmayıb," - deyə Datunaşvili bildirib.
Lamiyə Cəbrayılova