Tehran iğtişaşlarında iştirak edənlər üçün xüsusi məhkəmə şöbələri yaradıldı -ÖZƏL
13:50 DünyaTehran əyalətində kütləvi iğtişaşlara və terrorizm ittihamı ilə saxlanılan şəxslərin işlərini dinləmək üçün xüsusi məhkəmə şöbələri yaradılıb. Tehran Əyalət Məhkəmə Hakimiyyətinin rəhbəri Əli əl-Qasi Mehr bildirib ki, son iğtişaşlarda həlak olanların əksəriyyəti günahsız insanlar və terrorçular tərəfindən qətlə yetirilənlərdir.
Olaylar.az xəbər verir ki, o, qeyd edib ki, "Son gecələr baş verən iğtişaşlar zamanı zorakılıq səviyyəsi, cinayətlərin qəddarlığı və təlim keçmiş terrorçuların hücumları misilsiz olub. Tehran əyalətinin məhkəmə sistemi terrorçular və iğtişaşlarda saxlanılan şəxslərin işlərini dinləməyə tam hazırdır və bunun üçün xüsusi şöbələr yaradılıb."
Əli əl-Qasi Mehr həmçinin bildirib ki, əyalətin bir rayonunda həlak olanların çoxu bıçaq zərbələri ilə arxadan və yan tərəfdən yaralanıb.
İranın bir çox böyük şəhərlərinə yayılan iğtişaşlar 29 dekabrda İran rialının kəskin ucuzlaşması səbəbindən küçə aksiyaları ilə başlayıb. Hakimiyyət nümayəndələri 38 hüquq-mühafizə əməkdaşının öldüyünü açıqlayıb. İran Xarici İşlər naziri Abbas Əraqçi isə 8 yanvardan etibarən etirazçılar arasında silahlı terrorçuların peyda olduğunu bildirib. İran hakimiyyəti iğtişaşların təşkilinə görə məsuliyyəti İsrail və ABŞ-ın üzərinə qoyub.
Zeynəb Mustafazadə