Belarus yüksək ixtisaslı əcnəbilər üçün yaşayış icazəsini sadələşdirir- ÖZƏL
13:20 DünyaBelarus parlamenti yüksək ixtisaslı əcnəbilər üçün ölkədə daimi yaşayış icazəsi alma prosedurunu sadələşdirən qanun layihəsini təsdiqləyib. Olaylar.az xəbər verir ki, bu barədə Belarus Dövlət İnformasiya Agentliyi BelTA məlumat yayıb. Qanun layihəsinə görə, yüksək ixtisaslı xarici vətəndaşlardan daimi yaşayış icazəsi üçün tələb olunan üç illik fasiləsiz yaşama müddəti götürülür. Bu təşəbbüsü parlamentin Milli Təhlükəsizlik üzrə Daimi Komissiyasının üzvü Mixail Oksenyuk təqdim edib.
Qanun layihəsi "Dövlət daktiloskopik qeydiyyatı ilə bağlı qanunlarda dəyişikliklər haqqında" sənəd çərçivəsində hazırlanıb və 13 yanvar tarixində deputatlar tərəfindən ikinci oxunuşda qəbul edilib.
Belarusun 2010-cu il 4 yanvar tarixli "Xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında" qanununa əsasən, daimi yaşayış icazəsi həm də ölkədə yaxın qohumları olan, qaçqın statusu alan və ya ailə birləşmə hüququna malik xarici vətəndaşlara verilir. Bundan başqa, əvvəlcə müvəqqəti yaşayış icazəsi almış şəxslər son beş il ərzində fasiləsiz ölkədə yaşadıqları halda daimi icazə ala bilirlər. Yüksək ixtisaslı işçilər üçün isə bu müddət əvvəl üç il idi, lakin yeni qanunla bu şərt aradan qaldırılıb.