Əkrəm İmamoğlu Ərdoğana təzminat ödəyəcək
13:17 DünyaTürkiyədə İstanbul şəhər Mülki Məhkəməsi həbsdə olan keçmiş İstanbul meri Ekrem İmamoğlunun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana mənəvi zərərə görə təzminat ödəməli olduğuna dair qərar çıxarıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, İstanbul 23-cü Mülki Məhkəməsində keçirilən iclasa tərəflərin vəkilləri qatıldı.
İclasda söz alan iddiaçı tərəfin vəkili Ferah Yıldız bildirdi ki, Ekrem İmamoğlu, sosial şəbəkə paylaşımlarında Prezident Erdoğanı və dövlət qurumlarını açıq şəkildə hədəf alıb və qarşı tərəf bunu təkzib edəcək tutarlı dəlillər təqdim etməyib.
Müdafiə tərəfinin vəkili isə iclasın təxirə salınması barədə vəsatət qaldırsa da, həmin vəsatət təmin olunmayıb.
Qərarı elan edən hakim işin qismən qəbul edilməsinə qərar verərək, 150 min lirə mənəvi zərərin hadisə tarixindən etibarən hesablanacaq qanuni faizləri ilə birlikdə Ekrem İmamoğlundan alınaraq Prezident Rəcəb Tayyip Erdoğana verilməsini qət edib.
Qeyd edək ki, məhkəməyə təqdim olunmuş iddia ərizəsinə əsasən, Ekrem İmamoğlu 20 mart 2025-ci ildə sosial şəbəkə hesabından Prezident Rəcəb Tayyib Erdoğanının şəxsi və peşə fəaliyyətinə yönəlmiş həqiqətə uyğun olmayan ifadələr işlədib.