Şor: “Sandu Moldovanın dövlətçiliyini məhv etməyi planlaşdırır”- ÖZƏL 

Moldovanın müxalif siyasətçisi İlan Şor prezident Maya Sandunu ölkənin dövlətçiliyini ləğv etməyi planlaşdırmaqda ittiham edib. Olaylar.az xəbər verir ki, Şorun sözlərinə görə, Sandunun Rumıniya ilə birləşməyə dəstək verəcəyini açıqlaması onun əsas məqsədinin Moldovanın müstəqilliyinə son qoymaq olduğunu göstərir.
"Qatil nəhayət etiraf etdi ki, bir məqsədlə gəlib - Moldovanı öldürmək", - deyə Şor "Telegram" kanalında yazıb.
Onun siyasi müttəfiqi, parlamentin sabiq deputatı Marina Tauber isə Sandunu dövlətə xəyanətdə ittiham edib. Tauber bildirib ki, Sandu konstitusiyanı qoruyacağına and içdiyi halda, indi açıq şəkildə Moldova dövlətçiliyinin ləğvini təklif edir. "Bu, vətənə xəyanətdir. Sandu təkcə separatizmə görə deyil, ən ağır cinayətə görə də məsuliyyətə cəlb edilməlidir", - deyə o vurğulayıb.
Qeyd edək ki, Maya Sandu daha əvvəl referenduma çıxarılacağı təqdirdə Moldovanın Rumıniya ilə birləşməsini dəstəkləyəcəyini bildirib. O, bunu "kiçik ölkələrin yaşamasının getdikcə çətinləşməsi" ilə izah edib. Bununla yanaşı, prezident hazırda Moldovada bu ideyanı dəstəkləyən əksəriyyətin olmadığını da etiraf edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31