Ukrayna-NATO Şurasının təcili iclası: "Oreşnik" və enerji böhranı müzakirə olunub – ÖZƏL
11:41 DünyaOlaylar.az xəbər verir ki, Ukrayna tərəfinin təşəbbüsü ilə keçirilən Ukrayna-NATO Şurasının növbədənkənar iclasında Rusiyanın enerji sektoruna kütləvi hücumları və "Oreşnik" orta mənzilli ballistik raketindən istifadəsi müzakirə edilib.
Ukrayna Xarici İşlər naziri Andrey Sibiqa bildirib ki, Siyasi Məsələlər Komitəsi formatında baş tutan iclasda müttəfiqlərə kritik enerji infrastrukturuna endirilən zərbələr barədə ətraflı məlumat verilib. Nazirin sözlərinə görə, hazırda əsas prioritet hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi və əlavə raketlərin tədarüküdür.
"Biz tərəfdaşlarımızı hava hücumundan müdafiəni gücləndirməyə, PURL təşəbbüsünə töhfə verməyə və müdafiə sənayemizi dəstəkləməyə çağırırıq," - deyə Sibiqa qeyd edib. O, həmçinin Ukraynanın müttəfiqlərdən Moskvaya təzyiqi artırmaq və davamlı sülhə nail olmaq üçün daha qətiyyətli addımlar gözlədiyini vurğulayıb.
Lamiyə Cəbrayılova