Son 4 ildə İran Rusiyaya 4 milyard dollarlıq silah satıb
10:52 DünyaSon bir neçə ildə İran Rusiyaya bir neçə milyard dollar dəyərində raket və dron satıb.
Musavat.com Bloomberg-ə istinadən xəbər verir ki, İranın Ukraynadakı tammiqyaslı müharibədən əvvəl, 2021-ci ilin oktyabr ayından bəri Rusiya ilə bağladığı müqavilələrin məbləği təxminən 2,7 milyard dollardır.
Satınalmalar arasında yüzlərlə Fəth-360 qısamənzilli ballistik raket, təxminən 500 digər qısa mənzilli ballistik raket və hava hücumundan müdafiə sistemlərinin bir hissəsi kimi təxminən 200 zenit raketi var idi. Bloomberg həmçinin İranın Rusiyaya milyonlarla patron və mərmi tədarük etdiyini bildirir, lakin bu qiymətləndirmə Moskvanın Tehrandan aldığı bütün məbləği əks etdirmir, çünki əlavə tədarüklər gözlənilir.
İran həmçinin Rusiyaya Şahed-136 kamikaze dronları və 2023-cü ilin əvvəlində imzalanmış 1,75 milyard dollarlıq müqavilə çərçivəsində Rusiyanın onları Geran-2 adı altında daxili istehsal etməsinə imkan verən texnologiyanı paylaşıb.
Hesablamalara görə, Rusiya 2021-ci ilin sonundan bəri İran hərbi texnikasına 4 milyard dollardan çox pul xərcləyib.
Bloomberg qeyd edir ki, Rusiyanın Ukraynaya tammiqyaslı hücumundan bəri Moskva və Tehran daha da yaxınlaşıblar. Müharibə Rusiyaya qarşı genişmiqyaslı sanksiyalara və Kremlin Soyuq Müharibədən bəri Qərblə ən ciddi qarşıdurmasına səbəb olub, İranın Rusiyaya silah satışı isə iki ölkə arasında tərəfdaşlığı daha da gücləndirib.