ABŞ Arktikadakı genişlənməsini gizlətmək üçün guya Çin təhdidindən istifadə edir- ÖZƏL
10:06 DünyaABŞ Arktikadakı hərbi-siyasi genişlənmə planlarını "Çin təhlükəsi" iddiaları ilə gizlətməyə çalışır. Olaylar.az xəbər verir ki, bu barədə Çinin "Global Times" qəzeti dərc etdiyi redaksiya məqaləsində yazıb.
Nəşrin fikrincə, Vaşinqton Çinin guya Arktikada artan təsirindən danışmaqla ictimai rəyi çaşdırmağa və özünün hərbi mövcudluğunu, resursların birtərəfli istismarını və hegemonluq ambisiyalarını pərdələməyə çalışır. Məqalədə bildirilir ki, ABŞ bu yolla Qrenlandiya üzərində iddialarına da "əsas" yaratmağa cəhd edir.
"'Çin təhlükəsi'nə istinad etməklə ABŞ Qrenlandiyanı Çin və Rusiyaya qarşı strateji ön cəbhə bazasına çevirmək niyyətini gizlədir. Bütün bunlar "Amerika hər şeydən üstündür" strategiyasının maraqlarına xidmət edir. Çinin Arktikada "iqtisadi talançılığı" və ya "hərbi mövcudluğu" barədə iddiaları təsdiqləyən heç bir sübut yoxdur. Əksinə, Çin kapitalı, texnologiyası, bazarları və təcrübəsi son illər Arktikanın inkişafında konstruktiv rol oynayıb", - deyə qəzet yazır.
Global Times xatırladır ki, Soyuq müharibə dövründə Şimal Buzlu okeanı ABŞ və Sovet İttifaqı arasında strateji qarşıdurmanın ön xətti olub. XXI əsrdə isə Arktika yenidən böyük geosiyasi rəqabət mərkəzinə çevrilib ki, bu da beynəlxalq ictimaiyyətdə narahatlıq doğurur.
Məqalədə həmçinin qeyd olunur ki, ABŞ 2024-cü ildə qəbul etdiyi yeni Arktika strategiyasında Çin-Rusiya əməkdaşlığını təhlükə kimi təqdim edir və bu, əslində bölgədə genişlənmə üçün bəhanə rolunu oynayır.
"Bu yanaşma Arktikanın təhlükəsizliyinə və inkişafına ciddi zərər vurur. O, iqlim və ekologiyanın qorunmasına mane olur, həmçinin bəşəriyyətin Arktika resursları və dəniz yollarından birgə istifadə səylərini zəiflədir", - deyə Global Times vurğulayır.