Avropa Komissarı Maskdan “Grok” alqoritmlərini təcili düzəltməyi tələb etdi- ÖZƏL
10:05 DünyaAvropa Komissiyasının texnoloji suverenlik, təhlükəsizlik və demokratiya üzrə komissarı Henna Virkkunen amerikalı milyarder İlon Maskı süni intellekt əsaslı "Grok" çat-botunun alqoritmlərini təcili şəkildə düzəltməyə çağırıb. O xəbərdarlıq edib ki, əks halda Avropa İttifaqının Rəqəmsal Xidmətlər Aktı (DSA) çərçivəsində platformaya qarşı sərt tədbirlər görüləcək. Olaylar.az xəbər verir ki,
Virkkunen X sosial şəbəkəsində paylaşımında bildirib:
"İndi X şirkəti Aİ-də öz süni intellekt alətini düzəltməlidir və bunu çox tez etməlidir. Əks halda, vətəndaşları qorumaq üçün DSA-nı tərəddüd etmədən tam gücü ilə işə salacağıq".
Komissar həmçinin Grok-un "çılpaq qadın və uşaqların görüntülərinin yaradılması və yayılması üçün istifadəsini" "dəhşətli" adlandırıb. Onun sözlərinə görə, Avropa Komissiyası artıq məsələ ilə bağlı araşdırmaya başlayıb və X şirkətinə daxili sənədlərin saxlanılması barədə göstəriş verib.
Qeyd edək ki, Avropa İttifaqında X platformasına qarşı istintaq 2023-cü ilin dekabrında başlanıb. Avropa Komissiyası şirkəti Rəqəmsal Xidmətlər Aktının tələblərini pozmaqda şübhəli bilir. Bu qanuna əsasən, internet platformaları məhkəmə qərarı olmadan belə Aİ-də qadağan olunmuş məzmunu silməlidir.
8 yanvar tarixində isə Avropa Komissiyası X-i Grok vasitəsilə antisemit və pedofiliya xarakterli məzmunun yaradılmasında ittiham edib və bu neyroşəbəkə ilə bağlı bütün sənədlərin 2026-cı ilin sonuna qədər saxlanılmasını tələb edib. Bu addım Avropa Komissiyasının X şirkətinə qarşı yeni hüquqi ittihamlar hazırladığını göstərir.