Fransa Silahlı Qüvvələr naziri könüllü hərbi xidmətə qəbulun başlandığını elan edib-ÖZƏL

Fransa Silahlı Qüvvələri 2026-cı il üçün könüllü hərbi xidmətə qəbulun başladığını elan edib. Olaylar.az xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələr naziri Katrin Votren yanvarın 12-də keçirdiyi mətbuat konfransında məlumat verib. Nazirin sözlərinə görə, hazırda ilk könüllü dəstəyə qəbul açılıb və 18-25 yaş arası 3 min gəncin seçilməsi planlaşdırılır. Müraciətlər aprelin sonunadək qəbul olunacaq. Seçim prosesi tibbi müayinələr, fərdi müsahibə və təhlükəsizlik yoxlamaları əsasında aparılacaq. Xidmətə başlanma müddəti 2026-cı ilin sentyabr-noyabr ayları aralığında nəzərdə tutulur və xidmətin müddəti 10 ay olacaq.
Müraciətlərin qəbulunun bu il nisbətən gec başlaması ilə əlaqədar olaraq, sadələşdirilmiş sistem tətbiq edilib. Namizədlər Müdafiə Nazirliyinin rəsmi saytı, xüsusi telefon xətləri və ya hərbi qeydiyyat və qəbul mərkəzləri (CIRFA) vasitəsilə sənədlərini təqdim edə bilərlər.
Katrin Votren bildirib ki, seçilən hər beş könüllüdən biri yüksək ixtisas və ya ali təhsilə malik olacaq və onlar strateji sahələrdə, xüsusilə də kiber təhlükəsizlik istiqamətində xüsusi missiyalara cəlb ediləcəklər.
Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Fabien Mandon isə qeyd edib ki, təlimdən sonra könüllülər həm də təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması, terrorun qarşısının alınması və terrorla mübarizə üzrə tapşırıqlara yönəldiləcək. Bütün bu fəaliyyətlər yalnız Fransa ərazisində və ölkənin dənizaşırı ərazilərində həyata keçiriləcək.
Hökumət gələcək illərdə proqramı genişləndirməyi planlaşdırır. Belə ki, könüllülərin sayı 2027-ci ildə 4 minə, 2030-cu ildə isə 10 minə çatdırılacaq. Seçim nəticələri hər il martın 31-dək açıqlanacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31