Zare Sinanyan Rusiyanın kilsə ətrafında “təhrifedici roluna” işarə etdi – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın Diasporla iş üzrə müvəkkili Zare Sinanyan yanvarın 12-də keçirdiyi mətbuat konfransında xaricdə "reallığın təhrif edilməsi"ndən danışaraq, bunun arxasında anti-dövlət qüvvələri, xarici mərkəzlər və bəzi dövlətlərin dayandığını bildirib. O, dolayı yolla Rusiyanı nəzərdə tutaraq, bu ölkənin AAK-nin (Erməni Apostol Kilsəsi) ali rəhbərliyinin "həqiqi obrazının" təqdim olunmasında destruktiv rol oynadığını deyib.

Sinanyanın sözlərinə görə, rəhbərlik etdiyi qurum diasporadakı ermənilərə "real Ermənistanı" və ölkə daxilində AAK-nin ali rəhbərliyinə qarşı yaranmış narazılığın səbəblərini izah etməyə çalışır. Onun fikrincə, diaspora uzaqda yaşadığı üçün prosesi emosional və səthi qavrayır, AAK-ni dövlətçiliyin dayağı kimi görür və ali kilsə rəhbərliyini kilsənin özündən ayıra bilmir.

"Xalq ayağa qalxmalı və bu rəhbərliyi yerinə qoymalıdır", - deyə Sinanyan vurğulayıb.

O, reallığı təhrif edən qüvvələr sırasında əsasən Daşnaksütyunu (ARFD) qeyd edib, AAK-nin ali rəhbərliyini isə 2022-ci ildən "anti-dövlət mövqeyi" tutmaqda və bu mövqeyi diasporaya ixrac etməkdə ittiham edib. Sinanyan həmçinin ad çəkmədən "Sovet İttifaqı ilə bağlı" bir ölkəyə işarə edib.

Diasporadakı əhval-ruhiyyədən danışan Sinanyan bəzi yüksək rütbəli din xadimlərinin də AAK-nin ali rəhbərliyindən narazı olduğunu iddia edib. Onun sözlərinə görə, kilsə şurası Katolikos II Qareginin (Ktrıç Nersisyan) nəzarətindədir.

Sinanyan sonda ölkədəki mövcud problemlərə görə ARFD-ni və "keçmişləri" günahlandırıb, Artsaxın itirilməsinə görə məsuliyyətin də onların üzərində olduğunu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31