Ermənistan Prokurorluğu Samvel Karapetyanın yenidən həbsini tələb edir – ÖZƏL
11:15 DünyaErmənistan Baş Prokurorluğu və İstintaq Komitəsi "Taşir" Şirkətlər Qrupunun sahibi, tanınmış iş adamı Samvel Karapetyanın ev dustaqlığına buraxılması barədə məhkəmə qərarından apellyasiya şikayəti verib. İstintaq orqanları milyarderin yenidən istintaq təcridxanasına qaytarılmasını tələb edirlər.
Olaylar.az xəbər verir ki, bu barədə məlumatı Karapetyanın vəkili Aram Vardevanyan paylaşıb. Vəkil qeyd edib ki, prokurorluğun bu addımı hüquqi məntiqə sığmır. Onun sözlərinə görə, Ermənistan Konstitusiya Məhkəməsi və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına əsasən, azadlığın məhdudlaşdırılması baxımından həbslə ev dustaqlığı arasında prinsipial fərq yoxdur. Vardevanyan baş verənləri Karapetyanı qanunsuz şəkildə dəmir barmaqlıqlar arxasına qaytarmaq cəhdi kimi qiymətləndirib.
Qeyd edək ki, müdafiə tərəfi də öz növbəsində ev dustaqlığı qərarından şikayət edərək, iş adamının tamamilə azadlığa buraxılmasını tələb edəcək.