Aİ Britaniya ilə Brexit sonrası “yenidən yaxınlaşma” sazişinə cərimələr maddəsi əlavə edib- ÖZƏL 

Avropa İttifaqı (Aİ) Böyük Britaniya ilə Brexit-dən sonra münasibətlərin "yenidən qurulması" məqsədilə müzakirə olunan ikitərəfli saziş layihəsinə Londonun şərtləri pozacağı təqdirdə böyük maliyyə cərimələrinin tətbiqini nəzərdə tutan maddə daxil edib. Olaylar.az xəbər verir ki, bu barədə Financial Times (FT) qəzeti məlumat yayıb.
Qəzetin tanış olduğu sənədə əsasən, Böyük Britaniya hökuməti razılaşmanı pozacağı halda "maliyyə kompensasiyası" ödəməli olacaq. Saziş əsasən Britaniyadan Aİ-yə ərzaq və içkilərin ixracı zamanı yaranan bürokratik maneələrin aradan qaldırılmasını hədəfləyir. Ödənişlər sərhəd nəzarətinin təşkili üçün tələb olunan infrastrukturun və avadanlıqların yaradılması, ilkin işçi heyətinin cəlb edilməsi və təlim xərclərini də əhatə edəcək.
Avropa diplomatları bu maddəni "Faraj bəndi" adlandırırlar. Onların sözlərinə görə, məqsəd Böyük Britaniyada Reform UK Partiyasının lideri Naycel Farajın gələcəkdə baş nazir seçiləcəyi təqdirdə Aİ ilə yaxınlaşma siyasətindən imtina etməsi riskindən bloku qorumaqdır. Diplomatlardan biri bildirib ki, bu bənd "sabitliyi təmin etmək və Faraj və onun komandasını çəkindirmək üçün nəzərdə tutulub".
Naycel Faraj isə FT-yə açıqlamasında hazırkı baş nazir Kir Starmer tərəfindən imzalanacaq hər hansı razılaşmanı ləğv edəcəyini və Brüsselə heç bir ödəniş etməyəcəyini bəyan edib. "Mən onu pozacağam", - deyə Faraj bildirib.
Qeyd edək ki, Böyük Britaniyanın Aİ-dən çıxması ilə bağlı referendum 23 iyun 2016-cı ildə keçirilib. Səs verənlərin 51,9 faizi Brexit-i dəstəkləyib, 48,1 faizi isə əleyhinə çıxıb. Uzunmüddətli danışıqlardan sonra Böyük Britaniya 1 fevral 2020-ci ildə Aİ-ni tərk edib.
2021-ci il yanvarın 1-də keçid dövrü başa çatıb və həmin vaxta qədər Britaniyada Aİ-nin bütün qaydaları qüvvədə olub. 2020-ci ilin dekabrında tərəflər Brexit-dən sonrakı münasibətləri tənzimləyən saziş imzalayıblar. Bu razılaşmaya əsasən, tərəflər arasında kvota və tariflərsiz azad ticarət zonası yaradılıb və vətəndaşlar qarşılıqlı şəkildə 90 günədək vizasız səfər edə bilirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31