Qazaxıstanda benzinin qiyməti artacaq? – Nazirlikdən rəsmi açıqlama – ÖZƏL

2027-ci ildə Avrasiya İqtisadi İttifaqının (Aİİ) ümumi neft bazarının fəaliyyətə başlamasından sonra Qazaxıstanda yanacağın qiymətinin sabit qalacağı gözlənilir.

Olaylar.az xəbər verir ki, son günlər internet resurslarında Qazaxıstanda benzinin qiymətinin kəskin artaraq qonşu ölkələrlə eyniləşəcəyi barədə məlumatlar yayılmaqdadır. ArbatMedia-nın məlumatına görə, ölkənin Energetika Nazirliyi bu iddialara aydınlıq gətirərək bildirib ki, 2027-ci il üçün planlaşdırılan ümumi bazarın yaradılması yanacaq tariflərində "şok" artımlara səbəb olmayacaq.

Nazirlik qeyd edib ki, ümumi bazarın formalaşması ilk növbədə qanunvericiliyin uyğunlaşdırılmasını nəzərdə tutur. Qiymətlərin avtomatik bərabərləşməsi gözlənilmir və proses mərhələli şəkildə aparılacaq. Dövlət üçün prioritet məsələ vətəndaşların sosial rifahıdır. Bütün qərarlar əhalinin gəlir səviyyəsi nəzərə alınmaqla qəbul ediləcək.

Nazirlik etiraf edir ki, qonşu ölkələrlə qiymət fərqinin həddindən artıq böyük olması yanacağın qanunsuz yollarla ölkədən çıxarılmasına və daxili bazarda süni qıtlığa səbəb ola bilər. Mövcud aşağı qiymətlər sahəyə investisiya qoyuluşunu çətinləşdirir. Şımkent, Atırau və Pavlodar neft emalı zavodlarının genişləndirilməsi, həmçinin dördüncü zavodun tikintisi üçün əlavə vəsait tələb olunur.

Energetika Nazirliyi əmin edir ki, iqtisadi amillər və bazar konyukturası nəzərə alınmaqla, istehlakçılar üçün kəskin qiymət artımının qarşısını alacaq balanslaşdırılmış addımlar atılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31