ABŞ-nin Venesuelaya hücumu BMT-nin nüfuzunun böhranını yenidən gündəmə gətirdi- ÖZƏL
09:11 DünyaOlaylar.az xəbər verir ki, Honkonqda nəşr olunan South China Morning Post (SCMP) qəzetinin redaksiya məqaləsində bildirilir ki, ABŞ-nin Venesuelaya hərbi müdaxiləsi Birləşmiş Millətlər Təşkilatının (BMT) nüfuzunun və etibarlılığının ciddi şəkildə sarsıldığını göstərir və təşkilatda təcili islahatlara ehtiyac olduğunu ortaya qoyur.
Qəzet yazır ki, ABŞ-nin Venesuela prezidenti Nikolas Maduronun və həyat yoldaşının ələ keçirilməsi məqsədi ilə həyata keçirdiyi genişmiqyaslı hərbi əməliyyat qaydalara əsaslanan qlobal nizam üçün yeni və təhlükəli təhdiddir. Vaşinqton bu hücumu "qanunun icrasını təmin etmək üçün əməliyyat" kimi təqdim etsə də, SCMP bunu beynəlxalq hüququn və BMT Nizamnaməsinin əsas prinsiplərinin açıq şəkildə pozulması kimi qiymətləndirir.
Məqalədə vurğulanır ki, beynəlxalq qaydaların qorunmasına cavabdeh olan BMT bu hücum zamanı faktiki olaraq kənar müşahidəçi rolunda çıxış edib və hadisələrin qarşısını almaqda aciz qalıb. ABŞ-nin əməliyyatından sonra keçirilən BMT Təhlükəsizlik Şurasının fövqəladə iclası isə heç bir ciddi nəticə verməyib. Bu vəziyyət beynəlxalq təşkilatın müasir geosiyasi qarşıdurmalar fonunda aktuallığına dair şübhələri daha da gücləndirib. Bir çoxları artıq BMT-ni "kağız pələng" adlandırır.
SCMP qeyd edir ki, Maduro bu cür hücumların ilk hədəfi olsa da, sonuncu olmaya bilər. Kolumbiya, Kuba, Meksika və İranın ünvanına da üstüörtülü təhdidlər səsləndirilib. ABŞ Prezidenti Donald Trampın resurslarla zəngin olan Danimarkaya məxsus muxtar Qrenlandiya adasına maraq göstərməsi də beynəlxalq narahatlıqları artırır.