Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya
05:56 DünyaTəqaüddə olan polkovnik və hərbi ekspert Anatoli Matviyçuk Britaniyanın Ukraynaya verməyi planlaşdırdığı "Nightfall" raketləri barədə danışıb.
Globalinfo.az xəbər verir ki, o, barədə sosial şəbəkə hesabında paylaşım edib.
Matviyçuk bildirib ki, bu raketlər 1970-1980-ci illərdə istehsal olunub və texniki imkanlarına görə "Storm Shadow"dan daha aşağı sinfə aiddir.
Daha əvvəl Britaniyanın təxminən 500 kilometr məsafədəki hədəfləri vura bilən, 200 kiloqramlıq döyüş başlığına malik "Nightfall" raketlərini Ukraynaya təhvil vermək niyyətində olduğu bildirilmişdi. İddialara görə, bu raketlər Moskvaya çata bilər.
Matviyçukun sözlərinə görə, raketlər iki inertial idarəetmə sisteminə malikdir və nəzəri olaraq göstərilən məsafəni qət edə bilir. Lakin o vurğulayıb ki, Rusiyanın "Pantsir"dən S-400-ə qədər olan hava hücumundan müdafiə sistemləri bu tip raketləri aşkarlayıb məhv etmək gücündədir.
Ekspert hesab edir ki, "Nightfall" raketləri cəbhədə ciddi təhlükə yaratmayacaq və Ukrayna üçün həlledici üstünlük verməyəcək.