Pakistan vətəndaşlarına İrana səfərlərdən çəkinməyi tövsiyə edib
10 Yanvar 15:14 DünyaPakistan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına təhlükəsizlik məqsədilə İrana bütün zəruri olmayan səfərlərdən çəkinməyi tövsiyə edib.
Trend-in məlumatına görə, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
Paylaşımda bildirilir ki, Pakistan vətəndaşlarına təhlükəsizliklərini təmin etmək məqsədilə vəziyyət yaxşılaşacağı müddətədək İrana bütün zəruri olmayan səfərlərdən çəkinmələri tövsiyə olunur.
Məlumatda qeyd olunur ki, Pakistan XİN hazırda İranda yaşayan Pakistan vətəndaşlarını son dərəcə ehtiyatlı olmağa, ayıq-sayıq davranmağa, zəruri olmayan səfərləri minimuma endirməyə və Pakistanın diplomatik nümayəndəlikləri ilə mütəmadi əlaqədə qalmağa çağırır.
Qeyd edək ki, dekabr ayının sonlarından İranın milli valyutası rialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksək inflyasiya və digər iqtisadi problemlərə görə etiraz aksiyaları başlayıb. Etirazlarda ölən və yaralananları olduğu bildirilsə də, say haqda məlumat verilməyib.