Varşavada ucuzluğa qarşı etiraz - fermerlərin marağına toxunulur

Polşanın hər yerindən fermerlər Avropa İttifaqının Merkosur ilə ticarət müqaviləsinə etiraz etmək üçün Varşavaya gəliblər.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Polşa paytaxtında genişmiqyaslı etiraz aksiyası başlayıb və şəhərdə nəqliyyatın hərəkəti ciddi şəkildə pozulub. İştirakçılar əsas mitinqin keçirildiyi parlament (Seym) binasına doğru yürüş ediblər. Fermerlər ölkənin kənd təsərrüfatına ciddi ziyan vura biləcəyinə inandıqları müqavilədən narazılıqlarını bildirirlər.

25 illik danışıqlardan sonra Avropa İttifaqı Cənubi Amerika ölkələrinin Merkosur alyansı ilə ticarət müqaviləsi imzalamağa razılıq verib. Bu, Polşada güclü reaksiyaya səbəb olub: fermerlər ucuz məhsulların - ət, taxıl və şəkərin - ölkəni basacağından və Polşa fermerlərini əlverişsiz vəziyyətdə qoyacağından qorxurlar.

Bəzi etirazçılar artıq fişənglərdən istifadə etməyə başlayıblar. Keçən il Varşavada oxşar etirazlar polisin sərt hərəkətləri ilə müşayiət olunub. İndi etirazçılar qətiyyətli əhval-ruhiyyədədirlər.

Ölkə əhalisinin isə bazarlarda ucuzluq olacağı səbəbindən fermerlərin bu hərəkatına ciddi dəstək verməyəcəyi ehtimal olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31