Rza Pəhləvidən Trampa təcili çağırış: “İran xalqına kömək edin, vaxt həlledicidir”

İran müxalifətinin lideri, sonuncu şahın oğlu Rza Pəhləvi ABŞ prezidenti Donald Trumpa ünvanladığı təcili müraciətdə Vaşinqtonu İranda etiraz edən xalqa açıq dəstək verməyə çağırıb.

Musavat.com xəbər verir ki, Pəhləvi müraciətində milyonlarla iranlının silahlı təzyiq təhlükəsinə baxmayaraq küçələrə çıxdığını, hakimiyyətin isə vəziyyəti nəzarətə almaq üçün ölkədə tam informasiya blokadası tətbiq etdiyini bildirib. Onun sözlərinə görə, hazırda İranda həm internet, həm də stasionar rabitə kəsilib.

Rza Pəhləvi vurğulayıb ki, ali rəhbər Əli Xamenei rejiminin çökməsindən və etirazçıların beynəlxalq dəstək qazanmasından qorxaraq əhaliyə qarşı daha sərt repressiyalarla hədələyir. Rabitənin kəsilməsi isə bu repressiyaların gizli şəkildə həyata keçirilməsi üçün istifadə oluna bilər.

Müraciətdə deyilir ki, Pəhləvinin çağırışından sonra minlərlə insan təhlükəsizlik qüvvələrinə say üstünlüyü ilə təzyiq göstərmək üçün küçələrə çıxıb və Trampın rejimə ünvanladığı əvvəlki xəbərdarlıqlar güc strukturlarını müvəqqəti olaraq fəallıqdan çəkindirib. Lakin o, vaxtın son dərəcə məhdud olduğunu bildirərək, yaxın saatlarda yeni kütləvi aksiyaların gözlənildiyini qeyd edib.

"Xalq azadlığı uğrunda ayağa qalxıb. Vaxt indi həlledicidir. Siz sübut etmisiniz ki, sözünün arxasında duran sülh adamısınız. Zəhmət olmasa, İran xalqına kömək etmək üçün müdaxiləyə hazır olun", - deyə müraciətdə bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31