Gürcü deputat: Beynəlxalq təşkilatlar siyasi təbliğat alətinə çevrilib – ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ-nin 66 beynəlxalq təşkilatdan, o cümlədən Venesiya Komissiyasından çıxmaq qərarını şərh edən Gürcüstan parlamentinin Prosedur məsələləri komitəsinin sədri David Matikaşvili beynəlxalq qurumları sərt tənqid edib.

Jurnalistlərə açıqlamasında Matikaşvili bildirib ki, vaxtilə siyasi və demokratik məqsədlərlə yaradılan beynəlxalq təşkilatlar bu gün ayrı-ayrı siyasi elitaların təbliğat mexanizminə çevrilib. Onun sözlərinə görə, Venesiya Komissiyası hüquqi məsələlərlə məşğul olmalı və bu sahədə analizlər aparmalı olduğu halda, fəaliyyətini siyasi təbliğat üzərində qurub.

"ABŞ-nin hazırkı administrasiyası və prezident Tramp onlarla beynəlxalq təşkilatdan çıxarkən onları fəaliyyətsiz və vəsait israf edən qurumlar adlandırdı. Bu, reallıqdır. Venesiya Komissiyası bunun ən bariz nümunəsidir. Avropa Şurasına tabe olan bu qurum hüquqi məsələlərə fokuslanmaq əvəzinə, siyasi vəziyyətləri araşdırır", - deyə Matikaşvili vurğulayıb.

Onun fikrincə, Venesiya Komissiyasının Gürcüstanda qəbul edilən qanunlarla bağlı verdiyi rəylər də hüquqi yanaşmadan uzaq, siyasi mövqeyə əsaslanıb. Deputat əlavə edib ki, bu fakt Venesiya Komissiyasının və bir çox beynəlxalq təşkilatın yaradılma məqsədlərindən nə qədər uzaqlaşdığını açıq şəkildə göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31