Ruhanidən Paşinyana sərt ittiham: “Kilsədə anarxiya yaradır” – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın Bürakan qəsəbəsində yerləşən "Surb Hovanes" kilsəsinin ruhani pastoru Vrtanes Baqalyan baş nazir Nikol Paşinyanın bu günkü bəyanatını sərt tənqid edib. Paşinyan vətəndaşları keşişlərlə danışmağa və liturgiya zamanı bütün ermənilərin Katolikosunun adının çəkilməməsinə onları razı salmağa çağırmışdı. Baş nazir bildirmişdi ki, yalnız bu halda o, hansısa kilsədə liturgiyada iştirak etməyə hazırdır.

Vrtanes Baqalyanın sözlərinə görə, bu çağırış əhalini xuliqan xarakterli hərəkətlərə təhrik edir. "Deməli, adi bir insan mənə yaxınlaşıb deyəcək ki, liturgiya zamanı Katolikosun adını çəkməliyəm, ya yox? O bunu necə təsəvvür edir? Bu, açıq-aşkar xuliqanlıq hallarını provokasiya etmək cəhdidir. Bu, vəzifəsindən sui-istifadə edən bir məmurun işidir", - deyə o bildirib.

Ruhani hesab edir ki, Paşinyanın əsas hədəfi Katolikos yox, bütövlükdə Erməni Apostol Kilsəsidir. Onun fikrincə, baş nazir kilsədə özünə tabe olan bir fiqur görmək istəyir: "Ona elə bir kilsə rəhbəri lazımdır ki, türk-azərbaycan agentura şəbəkəsinin sifarişlərini yerinə yetirsin. Belə bir şəxs Artsax ermənilərinin geri qayıtması, əsirlərin taleyi, Artsaxdakı müqəddəs yerlərin dağıdılması və vandalizm barədə danışmamalıdır, yalnız Əliyev və Ərdoğanın maraqlarına uyğun bəyanatlar verməlidir".

Baqalyan Paşinyanın davranışını qeyri-ciddi adlandıraraq bildirib ki, bu yanaşma dövlətçiliyi və kilsəni zəiflədir. "Əgər o, cəsarət göstərmək istəyirsə, qoy Ermənistanın suveren ərazilərindən Azərbaycan qoşunlarının çıxarılması ilə sərhədlərin təhlükəsizliyini təmin etsin.(?) Yaxşı iş görmək istəyirsə, pensiyaları artırsın, müəllimlərin maaşlarını yüksəltsin, şişirdilmiş büdcələrlə uşaq bağçaları və məktəbləri formal şəkildə təmir etdirməsin", - deyə o vurğulayıb.

Ruhani əlavə edib ki, Paşinyan yerlərdə insanları qarşıdurmaya sürükləyir və bunun nəticəsi kimi Talin şəhərində Tavros Sapeyanın qanuni keşişin kilsəyə girişini əngəllədiyini, rütbəsindən məhrum edilmiş bir keşişi altar önünə çıxardığını xatırladıb. Onun sözlərinə görə, bütün bunlar ölkədə anarxiya yaratmaq və kilsəni dağıtmaq cəhdidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31