Gürcüstan XİN: ABŞ-nin saxladığı tankerə görə Gürcüstan vətəndaşlarının tutulması barədə məlumat yoxdur – ÖZƏL

Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) ABŞ tərəfindən saxlanılan Marinera tankerinin heyətində Gürcüstan vətəndaşlarının həbs olunması ilə bağlı quruma hər hansı məlumatın daxil olmadığını bəyan edib.

Olaylar.az xəbər verir ki, Nazirliyin məlumatına görə, açıq mənbələrdə yayılan informasiyaların dəqiqləşdirilməsi məqsədilə müvafiq araşdırma aparılır.

"Gürcüstan Xarici İşlər Nazirliyi 7 yanvar 2026-cı il tarixində ABŞ tərəfindən Atlantik okeanında saxlanılan Marinera tankerinin heyətində Gürcüstan vətəndaşlarının olub-olmaması ilə bağlı açıq mənbələrdə yayılan məlumatların dəqiqləşdirilməsi üçün müvafiq iş aparır. Hazırkı mərhələdə XİN-ə Gürcüstan vətəndaşlarının saxlanılması barədə hər hansı məlumat daxil olmayıb", - deyə nazirliyin açıqlamasında bildirilir.

Qeyd edək ki, Rusiya KİV-lərinin yaydığı məlumata görə, Rusiya bayrağı altında üzən və ABŞ tərəfindən saxlanılan neft tankerinin kapitanı Gürcüstan vətəndaşıdır. Bildirilir ki, tankerin 28 nəfərlik heyətinin 20-si Ukrayna vətəndaşıdır. Altı nəfər, o cümlədən kapitan Gürcüstan vətəndaşı, iki nəfər isə Rusiya vətəndaşıdır.

Xatırladaq ki, ABŞ yanvarın 7-də Atlantik okeanında Venesuela ilə əlaqəli, Rusiya bayrağı altında üzən tankeri saxlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31