Bakı–İrəvan ticarətinin rəqəmləri açıqlandı: minlərlə ton taxıl və yanacaq – qiymətlər kəskin düşür
9 Yanvar 10:31 DünyaErmənistanla Azərbaycan arasında ticarət və tranzit əməliyyatlarının detalları açıqlanıb.
Musavat.com xəbər verir ki, Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Bakı-İrəvan xətti üzrə həyata keçirilən idxal prosesləri ilə bağlı konkret rəqəmlər təqdim edib.
Nazirin sözlərinə görə, 2025-ci il ərzində Azərbaycanın ərazisindən keçməklə Ermənistana 6 580 ton taxıl gətirilib. Bunun 1 000 tonu Qazaxıstan, 5 580 tonu isə Rusiya mənşəlidir. Eyni zamanda Ermənistana 1 210 ton Azərbaycan benzini idxal olunub.
Papoyan bildirib ki, 2026-cı il yanvarın 8-nə olan vəziyyətə görə, Azərbaycanın ərazisindən Ermənistana artıq 8 485 ton Rusiya taxılı daxil olub, daha 4 103 ton taxıl isə hazırda yoldadır. Bundan əlavə, 7 600 ton Azərbaycan neft məhsulu daşınma mərhələsindədir ki, bunun 6 100 tonu benzin, 1 500 tonu isə dizel yanacağıdır.
Nazir əlavə edib ki, bu idxalın nəticəsi olaraq Ermənistanda benzin və dizel yanacağının qiymətinin ötən ayla müqayisədə litrinə 80 dramadək ucuzlaşacağı gözlənilir.