Türkiyədə yaşanan hadisə azərbaycanlıları da şoka saldı – Üç min nəfər…
9 Yanvar 10:29 DünyaTürkiyənin Aydın şəhərində baş verən qalmaqallı hadisə sosial mediada geniş müzakirələrə səbəb olub. Belə ki, Efeler Bey Camiinin qarşısında bir qəssab donuz ətindən hazırlanmış yeməyi insanlara təqdim edib və təxminən üç mindən çox insan bunu yeyib. Qəssab yeməyin mənşəyi barədə heç kəsə məlumat verməyib. Daha sonra o, dini bir xadimə sual verib ki, bunu edərək savab qazanıb, yoxsa günah işlədib? Hadisə sosial medianın Azərbaycan seqmentində də diqqət çəkib və birmənalı qarşılanmayıb.
Globalinfo.az-a danışan ilahiyyatçı Ağa Hacıbəyli deyib ki, təxminən üç mindən çox insana bu yeməyin verilməsi bir qəssabın məsuliyyətsizliyindən qaynaqlanır:
"Bəqərə surəsinin 173-cü ayəsində buyurulur: "Allah sizə ölmüş heyvanı, qanı, donuz ətini və Allahdan başqasının adı ilə kəsilən heyvanın ətini qəti şəkildə haram edib. Lakin kim çarəsiz qalarsa, zorla və həddi aşmadan bunlardan yeyərsə, ona heç bir günah yoxdur. Şübhəsiz ki, Allah bağışlayandır, mərhəmətlidir". Beləliklə, Allah bu qidaları müsəlmanlar üçün qadağan edib. Xüsusilə donuz ətinin vurğulanması vacibdir, çünki bu, birbaşa haram kateqoriyasına daxildir.
Ümumiyyətlə, donuz ətini müsəlmanlara yedizdirmək təşəbbüsü dini baxımdan haram sayılır. Bu əməl günaha aparır. Ola bilər ki, bir insanın niyyəti belə deyil, məsələn, o sadəcə insanlara dəstək olmaq istəyir, onları qonaq etmək niyyətindədir. Amma saf niyyət belə haram işi halal etməz, xeyrə çevirməz, əksinə günaha sürükləyir".
İlahiyyatçı qeyd edib ki, məsələnin əsas tərəfi təxminən üç min nəfərin bunu bilmədən yeməsidir:
"Dinin şəriətinə görə, bir insan günaha cahillik və ya məlumatsızlıq səbəbindən düşübsə, Allah onları hesaba çəkməz. Bu şəxslər güvənib və yeməkdən xəbərsiz istifadə ediblər. Ona görə də onların məsuliyyəti yoxdur. Əgər müsəlman ölkəsi əvəzinə, xristian ölkəsində olsaydılar və bilə-bilə haram qida alsaydılar, məsuliyyət daşıyardılar. Xüsusilə müsəlman icmasında, məscid yaxınlığında belə bir hadisənin baş verməsi ciddi qınanılır. Lakin insanlar bunu bilmədən ediblər. Bu halda tövbə etmək vacibdir. Belə ki, yeməkdən xəbərsiz istifadə etdiklərini biləndən sonra Allahdan bağışlanma diləməli, qüsurlarını aradan qaldırmaq üçün peşmançılıq göstərməlidirlər".
Ağa Hacıbəylinin sözlərinə görə, işin digər tərəfi ictimai məsuliyyətlə bağlıdır:
"Bu fərdi günahdan daha çox cəmiyyətdə etibarın sarsılmasına səbəb olur. İnsanlar qəssablara və yeməkxanalara güvənirlər, onlar heyvanları "bismillah" deyərək kəsir və hazırlayırlar. Belə hallarda isə bu etibar zədələnir, insanların bir-birinə olan güvəni sarsılır. Dediyim kimi, bilmədən donuz əti yeyən insanların günahı yoxdur. Allah isə bilməyənləri bağışlayar".