İran ABŞ-la ciddi danışıqlardan yayınmayacaq- ÖZƏL 

İran ABŞ-la real və ciddi danışıqlardan heç vaxt çəkinməyəcək. Olaylar.az xəbər verir ki, bu barədə İranın Moskvadakı səfiri Kazem Cəlali ilin yekunlarına dair TASS-a müsahibəsində bildirib.
Səfirin sözlərinə görə, Tehran qarşılıqlı maraq doğuran məsələlər üzrə ədalətli və balanslı razılaşmanın əldə olunmasına yönələn danışıqlara hər zaman açıqdır. O, İranın nüvə proqramı ilə bağlı sualı cavablandırarkən qeyd edib ki, ölkəsi konstruktiv və nəticəyönlü dialoqu dəstəkləyir.
Xatırladaq ki, 2015-ci ildə İran və "altılıq" ölkələri - Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ və Fransa arasında Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP/SVPD) imzalanıb. Bu razılaşma 2002-ci ildən bəri Qərbin Tehrana qarşı irəli sürdüyü nüvə silahı hazırlamaq ittihamları fonunda yaranmış böhranın aradan qaldırılmasını hədəfləyirdi.
Lakin 2018-ci ildə ABŞ prezidenti Donald Tramp ölkəsinin razılaşmadan çıxdığını elan edərək İrana qarşı bütün sanksiyaları bərpa edib. Buna cavab olaraq 2020-ci ildə Tehran SVPD üzrə öhdəliklərini azaltdığını və Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) nüvə obyektlərinə çıxışını məhdudlaşdırdığını bəyan edib. Bununla belə, 2025-ci ilin iyununda baş verən İran-İsrail gərginliyinə qədər MAQATE-nin yoxlamaları davam etdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31