Litva ordusunun komandanı ölkənin təlim meydançalarının NATO müttəfiqləri tərəfindən işğal edildiyini bildirib- ÖZƏL 

Litva Silahlı Qüvvələrinin komandanı, general Raymundas Vaykşnoras ölkədə mövcud təlim poliqonlarının NATO müttəfiqləri tərəfindən istifadə edildiyini və bu səbəbdən Litva ordusunun yeni briqada səviyyəli poliqona ehtiyac duyduğunu bildirib. Olaylar.az xəbər verir ki, o, bu barədə Litvanın milli dövlət teleradiosu LRT-nin efirində danışıb.
Generalın sözlərinə görə, mərkəzi Pabrade poliqonunda Litvada yerləşdirilmiş ABŞ hərbçiləri təlim keçir. Rudninkay poliqonu isə Litvaya köçürülməsi planlaşdırılan Almaniya Silahlı Qüvvələrinin (Bundesver) briqadasının istifadəsinə veriləcək. Bu şəraitdə Litva ordusunun öz ehtiyaclarını tam qarşılayacaq müasir təlim poliqonuna ehtiyacı yaranıb. Belə bir poliqonun Kapçyamiestis bölgəsində inşa edilməsi planlaşdırılır.
Lakin hökumətin briqada səviyyəli yeni poliqon tikmək niyyəti yerli sakinlərin narazılığı ilə qarşılanıb. Yerli əhali hərbi obyektin yaxınlıqda yerləşməsinin onların gündəlik həyatını və təsərrüfat fəaliyyətini çətinləşdirəcəyini, bir çoxları üçün isə gələcək hərbi ərazidən köçürülmə ilə nəticələnəcəyini bildirir.
Planlaşdırılan poliqonun sahəsi 14,6 min hektar təşkil edir. Bu ərazidə, o cümlədən meşə zonasında təxminən 2 minə yaxın özəl torpaq sahəsi mövcuddur.
Yeni poliqonda eyni vaxtda 4 minədək hərbçinin təlim keçməsi nəzərdə tutulur. Burada iri miqyaslı hərbi təlimlərin ildə 5 dəfə, hər biri 10 gün olmaqla keçirilməsi, daha kiçikmiqyaslı təlimlərin isə daimi əsasda təşkil edilməsi planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31