Pentaqon yaxınlığında pizza sifarişləri kəskin artdı : SƏBƏB İRANDIR...
08:12 DünyaABŞ-ın Pentaqon binasının ətrafında yerləşən pizza restoranlarında sifarişlərin kəskin şəkildə artdığı bildirilir.
Musavat.com xəbər verir ki, X sosial şəbəkəsində yayılan paylaşımlarda bu vəziyyət ABŞ-da mümkün hərbi əməliyyatlara hazırlıqla əlaqələndirilir. Qeyd olunur ki, hazırda İranda genişmiqyaslı etiraz aksiyaları davam edir və Vaşinqtondakı hərbi strukturların fövqəladə rejimdə işlədiyi ehtimal olunur.
Sosial şəbəkə istifadəçiləri bu tendensiyanı "Pentaqonun pizza indeksi" adlandırır.
Bu anlayış rəsmi göstərici olmasa da, ABŞ Müdafiə Nazirliyində işin nə qədər təcili və gərgin getdiyini qeyri-rəsmi şəkildə ölçmək üçün uzun illərdir müşahidə edilən fenomen kimi tanınır. İddialara görə, böhran və münaqişə dövrlərində Pentaqon ətrafındakı pizza restoranlarında sifarişlərin artması tez-tez müşahidə olunur.
Rəsmi qurumlar məsələ ilə bağlı hər hansı açıqlama verməyib. Bununla belə, sosial mediada İran ətrafında baş verən proseslərin ABŞ tərəfindən diqqətlə izlənildiyi barədə müzakirələr güclənir.