40 illik sanksiyaların nəticəsi: İranın iqtisadi zəifliyi xarici müdaxilə üçün fürsətdir? – ÖZƏL
7 Yanvar 16:55 Dünya"İran tez dağılan, kövrək dövlət modeli olan ölkə deyil. Bu səbəbdən İranı kənardan, yəni xarici qüvvələrin müdaxiləsi ilə dağıtmaq olduqca çətindir. Çünki İran bu cür sınaqlardan artıq uzun illərdir keçib. 40 ilə yaxın sanksiyalar altında yaşayan, ideoloji baxımdan kifayət qədər güclü və daxili inteqrasiyası formalaşmış bir dövləti bu gün kənardan yıxmaq asan məsələ deyil".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Ramiyə Məmmədova deyib. Ekspert bildirib ki, İranda son dövrlərdə baş verən hadisələrə diqqət yetirsək, görərik ki, bunların hamısı əsasən daxili proseslərin nəticəsidir. Şübhəsiz ki, bu proseslərdə üçüncü dövlətlərin müəyyən təsir və müdaxilə cəhdləri də mövcuddur. Lakin "İranı kənardan dağıtmaq" kimi təqdim olunan planların, yəni daxili zəmin olmadan xarici müdaxilə ilə həyata keçirilməsinin real imkanları olduqca məhduddur və ciddi suallar doğurur. Cənub qonşumuz uzun illər sanksiyalar şəraitində ideoloji cəhətdən möhkəmlənmiş, öz siyasi modelini formalaşdırmış bir dövlətdir. Bu ideologiyaya nüfuz etmək və onu qısa müddətdə dağıtmaq bu gün artıq xeyli çətinləşib. Bununla yanaşı, İranda problemlərin olmadığı da deyil. Sosial problemlər getdikcə dərinləşir və məhz bu sosial-iqtisadi çətinliklər üzərindən üçüncü qüvvələr ölkə daxilində iğtişaşlar yaratmağa çalışırlar. Məsələnin əsas mahiyyəti ondadır ki, İranın sosial problemləri 40 illik sanksiyalar və son dövrlərdə baş verən iqtisadi proseslər fonunda daha da kəskinləşib. Xüsusilə milli valyutanın - tümənin dollar qarşısında ciddi şəkildə dəyər itirməsi sosial vəziyyəti ağırlaşdırıb. Məhz bu amil son mitinqlərin əsas səbəblərindən biri kimi çıxış edir.
Ekspert qeyd edib ki, əvvəlki etirazlarda daha çox insanların yaşayış rifahı, maddi və mənəvi durumları, eləcə də müəyyən azadlıqlar ön planda idisə, hazırkı mərhələdə etirazların əsas motivi sırf iqtisadi problemlərdir. Tümənin dollar qarşısında sürətlə ucuzlaşması ticarətlə məşğul olanlar, tacirlər və ümumilikdə əhalinin aşağı təbəqəsi üçün ciddi çətinliklər yaradıb. Məlum olduğu kimi, İranda əhalinin böyük bir hissəsi ticarət fəaliyyəti ilə məşğuldur və əsas gəlir mənbəyi də məhz bu sahədir. İranın cənub bölgələrində hakimiyyətin zəifləməsi halında, əvvəllər də qeyd etdiyim kimi, qaçaqmalçılıq, narkotik dövriyyəsi və insan alveri kimi təhlükələr yarana bilər. Bu cür risklər əsasən cənub sərhədləri istiqamətində baş verə bilər. Lakin buna baxmayaraq, İran bu məsələdə Azərbaycan tərəfinin mövqeyinə müəyyən mənada əminliklə yanaşır. Çünki Azərbaycan həm qonşu dövlət kimi İranın təhlükəsizliyinə hörmət edir, həm də ilk növbədə öz sərhədlərinin etibarlı şəkildə qorunmasını prioritet hesab edir.
"İkinci bir məqam da Azərbaycanın İsrail, ABŞ, Rusiya və Çinlə mövcud münasibətləridir. Bu münasibətlər müəyyən mənada İran üçün narahatlıq yarada bilər. Lakin eyni zamanda İranın bu gün Çin və Rusiya ilə münasibətlərinin hansı səviyyədə olduğu da hər kəsə məlumdur. Burada İsrail və ABŞ faktoru mövcuddur ki, Azərbaycan dövləti öz ərazisinin hər hansı bir ölkəyə qarşı istifadə edilməsinə imkan verməyəcək qədər ağıllı və balanslı siyasət yürüdür. Bu baxımdan İranın Azərbaycanla bağlı müəyyən rahatlığı da mövcuddur.
Azərbaycan artıq post-Qarabağ dövrünü yaşayır. Bu gün ölkə əsas diqqətini öz ərazilərinin bərpasına və yenidən qurulmasına yönəldib. Belə bir şəraitdə cənub istiqamətindən gələ biləcək gərginliklər, qarışıqlıq və ya anarxiya Azərbaycan üçün əlavə risklər yarada biləcək amillərdir. Məhz buna görə də Azərbaycan bu məsələdə son dərəcə ehtiyatlı davranır, İranda daxildə baş verən prosesləri izləyir, lakin heç bir müdaxilə etmədən yalnız öz ərazilərini və sərhədlərini maksimum səviyyədə qorumağa çalışır. Gücləndirilmiş sərhəd rejimi də məhz bu risklərin qarşısını almağa yönəlib", - deyə R. Məmmədova vurğulayıb.
Ekspert bildirib ki, burada digər bir həssas faktor da mövcuddur. İranda gedən daxili proseslər fonunda İran azərbaycanlıları arasında milli kimlik və millətçilik məsələlərinin qabardılması hakimiyyət üçün ciddi narahatlıq yaradır. Azərbaycanı sevən, onunla birləşmək arzusunda olan insanların mövcudluğu İran hakimiyyəti üçün həmişə həssas mövzu olub və bu da təbii olaraq müəyyən qorxu yaradır. Lakin sərhədlərin ciddi nəzarətdə saxlanılması və Azərbaycanın bu məsələdə qəti tədbirlər görməsi səbəbindən hazırda İran tərəfi üçün bu istiqamətdə nisbi sakitlik müşahidə olunur. Eyni zamanda, İran müəyyən hallarda daxildə baş verən proseslərə görə Azərbaycanı günahlandıra, daxili separatizmi qızışdırmaq ittihamları irəli sürə bilər. Ancaq Azərbaycan bu məsələyə olduqca həssas yanaşır. Qonşu dövlətin suverenliyinə, dövlətçiliyinə və daxili işlərinə hörmət prinsipi əsas götürüldüyü üçün rəsmi Bakı bu cür ittihamlardan uzaq durur və proseslərə qarışmır.
"Ümumilikdə isə bu gün İranda baş verən hadisələr ölkə daxilində gedən sosial, iqtisadi və siyasi proseslərin təbii nəticəsi, yəni daxili təlatümlərin təzahürüdür. İnsanların həm iqtisadi vəziyyətinin zəifləməsi, həm də mənəvi baxımdan mövcud hakimiyyətdən narazılığının artması bu prosesləri daha da dərinləşdirir. Digər tərəfdən, İranda daxili çəkişmələr də diqqət çəkir. Ölkə daxilində müxtəlif güc mərkəzləri mövcuddur: Xamenei tərəfdarları, SEPAH-a yaxın qüvvələr və fərqli siyasi baxışlara malik digər qruplar, o cümlədən Pezeşkianın mövqeyi arasında ciddi fikir ayrılıqları var. Bu, faktiki olaraq dövlət daxilində ikili və hətta üçlü yanaşmaların formalaşmasına səbəb olur. Bununla yanaşı, xarici qüvvələrin və kəşfiyyat strukturlarının da bu proseslərdə rolu danılmazdır. Xaricdən birbaşa müdaxilə mümkün olmadığı üçün, daxildən mitinqlərin qızışdırılması, hökumətə təzyiqlərin artırılması və hakimiyyətin zəiflədilməsi istiqamətində fəaliyyətlər müşahidə olunur. Bu baxımdan hazırkı mərhələdə əsas məsələ İran hakimiyyətinin hansı addımları atacağıdır. Xüsusilə əhalinin ağırlaşan iqtisadi vəziyyətinin necə yaxşılaşdırılacağı həlledici rol oynayır. Azərbaycan tərəfinə gəldikdə isə, nə Bakının İrana, nə də İrandan Azərbaycana qarşı hazırda ciddi bir təzyiq və ya problem yaratmaq niyyəti müşahidə olunur. Yəni mövcud vəziyyətdə iki ölkə arasında gərginliyin artması və ya açıq problem yaranması hələ ki, gündəmdə deyil", - deyə ekspert sonda əlavə edib.
Lamiyə Cəbrayılova