Yelisey sarayında mühüm sammit - Rusiya bir daha hücum edərsə...
7 Yanvar 14:23 DünyaYanvarın 6-sı axşam saatlarında dünyanın diqqəti Parisə yönəlmişdi. Yelisey sarayında Ukrayna ilə bağlı "İstəklilər Koalisiyası"nın çox mühüm sammiti keçirilirdi. Sonunda hər şey Kiyevin istədiyi kimi oldu. Belə ki, Ukrayna lehinə daha bir qərar qəbul olundu və ölkənin gələcəkdə təhlükəsizliyi baxımından bu qərarın mühüm əhəmiyyətinin olacağı vurğulanır.
Koalisiyanın qəbul etdiyi bəyannamə ondan ibarətdir ki, Rusiya tərəfindən mümkün hücum baş verərsə, ABŞ koalisiyası Avropa qüvvələrinə dəstək göstərə bilər. Sənəddə qeyd olunur ki, Ukraynada atəşkəs rejimi qüvvəyə mindikdən sonra təhlükəsizlik zəmanətləri sisteminin işə salınması nəzərdə tutulur.
Ukraynanın gələcək təhlükəsizliyi tam şəkildə qarantiyaya alınacaqmı?
AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev Musavat.com-a açıqlamasında Rusiya-Ukrayna savaşının hələ davam etdiyini xüsusi vurğulayıb:
""İstəklilər Koalisiyası"nın Ukraynaya təhlükəsizlik təminatı ilə bağlı Parisdə verdikləri bəyanat kifayət qədər ciddi bir sənəd ola bilər. Amma özlərinin də bəyan etdikləri kimi sənəddə göstərilən məsələlər Rusiya və Ukrayna arasında sülh müqaviləsi imzalanandan sonra həyata keçə bilər. Hazırda isə heç atəşkəslə bağlı razılaşma ortada yoxdur. O səbəbdən danışıqların əsas tərəfi olan Rusiyanın buna münasibəti tam olaraq ortada yoxdur. Məsələn, onlar razı olacaqlarmı ki, Ukrayna ərazisində Fransa, Britaniya hərbi kontingenti yerləşdirilsin...
Digər tərəfdən, təhlükəsizlik təminatı deyəndə konkret nələrin nəzərdə tutulduğu aydınlaşmır.
Düşünürəm ki, bu gün üçün gedişatın taleyi ABŞ-ın apardığı siyasətdən, Donald Trampın verəcəyi qərarlardan asılı olacaq. Əgər bu danışıqlar müsbət nəticələrə gətirib çıxaracaqsa, Rusiya verilən bəyannamədə mövcud olan maddələrlə razılaşacaqsa, təbii ki, bu bəyannamə Ukraynanın gələcək təhlükəsizliyi və yenidən qurulması üçün böyük iş olacaq. Amma dediyim kimi, hələ danışıqlar yekunlaşmayıb. Onun necə sona çatacağı bilinmir. Hər şey ola bilər. ABŞ-nin Rusiyanı günahlandırmaqla danışıqları dayandırıb, tam gücü ilə Ukraynanı silhlandırmasını da görə bilərik, hansı şərtlərlə olmasından asılı olmayaraq müharibənin dayandırılıb sülh bağlanmasını da".