Samara vilayətində quduzluq səbəbilə dörd kənd karantinə alınıb – ÖZƏL
7 Yanvar 14:21 DünyaRusiyanın Samara vilayətində quduzluq xəstəliyinin ocaqlarının aşkar edilməsi ilə əlaqədar bir neçə kənddə karantin rejimi tətbiq edilib. Olaylar.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Məlumata görə, ilk karantin dekabrın 30-da Böyük Qluşitski rayonunun Böyük Dergunovka kəndində elan olunub. Daha sonra, yanvarın 4-də vilayət rəhbəri daha üç yaşayış məntəqəsində - Kinel-Çerkassk rayonunun Novıye Klyuçi kəndində, Koşkinski rayonunun Nijniya Bıkovka kəndində və Xvorostyanski rayonunun Mixaylo-Lyaja kəndində analoji qərarları imzalayıb.
Rəsmi sənədlərə əsasən, quduzluq ocaqlarının aşkarlandığı ərazilərdən 3 kilometr radiusda yerləşən zonalar epizootik baxımdan təhlükəli ərazilər kimi tanınıb və həmin bölgələrdə xüsusi nəzarət tədbirləri tətbiq olunub.
Qeyd olunur ki, karantin rejimi çərçivəsində heyvanların hərəkəti və saxlanması ilə bağlı ciddi məhdudiyyətlər qüvvədədir.