Qrenlandiya faktoru kollektiv Qərbin parçalanmasına yol aça bilər- ÖZƏL
7 Yanvar 10:58 Dünya"Qrenlandiya məsələsi ABŞ-la NATO və Avropa müttəfiqləri arasında ciddi çatlara səbəb ola bilər. Lakin eyni zamanda Avropada Trampın bu ideyasını açıq və ya gizli şəkildə dəstəkləyən siyasi qüvvələrin ortaya çıxması da istisna deyil. Avropanın daxilindəki parçalanma Vaşinqtonun əlini gücləndirən əsas amillərdən biridir". Bunu "Olaylar"a siyasi şərhçi Mürtəza Bünyadlı deyib: "Nəticə etibarilə, "Pax Americana"nın iflasından sonra dünya daha açıq, daha sərt və daha təhlükəli mərhələyə daxil olur. Qrenlandiya isə bu yeni dövrün ilk böyük geosiyasi sınaqlarından biri ola bilər".
Onun sözlərinə görə, Qrenlandiya faktoru kollektiv Qərbin parçalanmasına yol aça bilər: "Vaşinqtonun gücün hüququna əsaslanan bu yeni kursu qısa və orta müddətdə ABŞ-a taktiki üstünlüklər versə də, strateji baxımdan ciddi risklər daşıyır. Xüsusilə Qrenlandiya məsələsində sərt mövqe ABŞ-ın öz müttəfiqlərinə qarşı təzyiq mexanizmlərini işə salması kimi qəbul edilir ki, bu da kollektiv Qərbin daxili birliyini sarsıdır.
Məhz bu nöqtədə proses ABŞ-ın əleyhinə işləyə bilər. Çin, Rusiya və digər Qərb-dən kənar güclər yaranan ziddiyyətləri diqqətlə izləyir və onları dərinləşdirmək üçün əlverişli imkanlar əldə edir. Vaşinqtonun müttəfiqlərinə qarşı ultimativ ritorikası Pekin və Moskva üçün ideoloji və diplomatik fürsət pəncərəsi yaradır.
Çin bu prosesi "beynəlxalq hüququn pozulması" və "suverenlik prinsiplərinə hörmətsizlik" kontekstində qabardaraq Avropa ictimai rəyinə təsir göstərməyə çalışa bilər. Rusiya isə NATO daxilində etimadsızlığı artırmaq, xüsusilə Avropanın şimal və mərkəzi hissəsində təhlükəsizlik dilemmasını dərinləşdirmək üçün bu mövzudan istifadə edə bilər. Hər iki aktor üçün əsas məqsəd ABŞ-ın liderliyini zəiflətmək və kollektiv Qərbin vahid mövqedən çıxış etməsinin qarşısını almaqdır.
Daha təhlükəli məqam isə odur ki, Çin və Rusiya bu strategiyanı açıq qarşıdurma yolu ilə deyil, Avropa daxilində müəyyən siyasi qüvvələrə, iqtisadi maraq qruplarına və anti-amerikan ritorikalı dairələrə dolayı dəstək verməklə həyata keçirə bilər. Bu isə kollektiv Qərbin faktiki olaraq daxildən parçalanmasına gətirib çıxara bilər.
Beləliklə, Qrenlandiya məsələsi təkcə ABŞ-Danimarka və ya ABŞ-NATO gərginliyi deyil. Bu, qlobal güc balansında dönüş nöqtəsi ola biləcək bir prosesdir. Əgər Vaşinqton müttəfiqlərinin maraqlarını və həssaslıqlarını nəzərə almadan güc siyasətini davam etdirərsə, "America First" strategiyası paradoksal şəkildə "America Alone" (Yalnız Amerika) reallığına çevrilə bilər"