Türkiyədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 424 nəfər saxlanılıb

Türkiyənin 63 vilayətində narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı son iki həftə ərzində keçirilən əməliyyatlar nəticəsində 424 şübhəli şəxs saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya öz "X" hesabında məlumat paylaşıb.

Əli Yerlikaya bildirib ki, 63 vilayət üzrə narkotik maddə satıcılarına qarşı son iki həftə ərzində keçirilən əməliyyatlar zamanı 1 ton 343 kiloqram narkotik vasitə və 178 min 615 ədəd narkotik tərkibli həb müsadirə olunub.

Nazirin sözlərinə görə, 424 şübhəli saxlanılıb, onlardan 162-si barəsində həbs qətimkan tədbiri seçilib, 70 nəfər barəsində ölkəni tərk etməməklə bağlı iltizamnamə alınıb, digərləri ilə bağlı isə istintaq tədbirləri davam etdirilir.

"Vətəndaşlarımız bilməlidirlər ki, zəhər tacirləri ilə mübarizəmiz qətiyyətlə davam edir və bundan sonra da davam edəcək",- deyə Yerlikaya bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31