Arktika uğrunda böyük savaş: Avropa Trampı dayandırır
6 Yanvar 21:10 DünyaAvropa liderləri Qrenlandiya məsələsi ilə bağlı birgə və sərt bəyanat yayaraq ABŞ Prezidenti Donald Trampın mövqeyinə açıq şəkildə qarşı çıxıblar.
Musavat.com xəbər verir ki, bəyanatda adanın taleyi ilə bağlı qərarların yalnız Danimarka Krallığı və Qrenlandiyanın öz xalqı tərəfindən verilə biləcəyi xüsusi vurğulanır.
Sənəddə açıq şəkildə qeyd olunur: "Qrenlandiya onun xalqına məxsusdur." Avropa liderləri Arktikanın Avropa və NATO üçün kritik təhlükəsizlik zonası olduğunu bildirərək, Danimarka Krallığının - Qrenlandiya daxil olmaqla - NATO-nun ayrılmaz tərkib hissəsi olaraq qaldığını xatırladıblar.
Bəyanatda həmçinin vurğulanır ki, Arktikanın təhlükəsizliyi kollektiv şəkildə, NATO çərçivəsində və ABŞ-ın iştirakı ilə təmin olunmalıdır. Bu proses yalnız BMT Nizamnaməsinin əsas prinsiplərinə - suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına tam əməl olunmaqla mümkündür.
Mövzu ilə bağlı ən sərt açıqlamalardan biri Polşanın baş naziri Donald Tuska məxsusdur. O, daha əvvəl bildirmişdi ki, "ABŞ-ın Qrenlandiyaya dair iddiaları NATO-nun mövcudluq məntiqini sual altına alır."
Qrenlandiya ətrafında yaranan bu vəziyyət Avropa-ABŞ münasibətlərində yeni və təhlükəli gərginlik mərhələsinin başladığını göstərir. Arktika artıq təkcə coğrafi yox, böyük geosiyasi qarşıdurma meydanına çevrilir.