Merz: “Qrenlandiya öz xalqına məxsusdur, təhlükəsizlik isə NATO ilə birgə təmin edilməlidir”- ÖZƏL
6 Yanvar 17:55 DünyaAlmaniya Kansleri Fridrix Merz bildirib ki, Qrenlandiya onun xalqına məxsusdur və Arktikadakı təhlükəsizlik NATO üzvləri, o cümlədən ABŞ ilə birgə təmin edilməlidir. Olaylar.az xəbər verir ki,
Merz X platformasında yazıb:
"Arktikada təhlükəsizlik Avropa üçün hələ də vacib prioritetdir. Biz vahid fikirdəyik: Danimarka, o cümlədən Qrenlandiya, NATO-nun tərkib hissəsidir. Arktikadakı təhlükəsizliyi NATO tərəfdaşları, o cümlədən ABŞ ilə birlikdə təmin etmək lazımdır. Qrenlandiya onun xalqına məxsusdur."
Bundan əvvəl Böyük Britaniya, Almaniya, Danimarka, İspaniya, İtaliya, Polşa və Fransa liderləri birgə bəyanatla çıxış edərək vurğulamışdılar ki, "Danimarka və Qrenlandiya ilə bağlı qərarların qəbulu yalnız həmin ölkələrin və Qrenlandiyanın səlahiyyətindədir". Bəyanatda BMT Nizamnaməsinin prinsiplərinə - suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına hörmətin əhəmiyyəti qeyd olunub.
4 yanvar tarixində ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib ki, Vaşinqtonun milli təhlükəsizlik səbəbləri ilə Qrenlandiya üzərində nəzarətə ehtiyacı var. Trampın fikrincə, bu strategiya baxımından vacib məsələdir, çünki adanın ətrafında "Rusiya və Çin gəmiləri hər tərəfdədir" və Danimarka "torpağın təhlükəsizliyini təmin edə bilmir".
ABŞ lideri bir neçə dəfə adanın ABŞ-a birləşdirilməsi mövzusunu gündəmə gətirib. İlk dövründə Tramp Qrenlandiyanı almağı təklif etmiş, 2025-ci ilin martında isə Kopenhagenə ticarət rüsumları ilə hədələyərək adanın ilhaq olunacağına əmin olduğunu bildirmişdi. Danimarka Baş naziri Mette Frederiksen bu iddiaları rədd edərək vurğulayıb ki, ada Danimarka krallığının tərkib hissəsidir.
Qrenlandiya Danimarkanın avtonom ərazisi olaraq tanınır. 1951-ci ildə Vaşinqton və Kopenhagen NATO-dakı müttəfiqlik öhdəliklərinə əlavə olaraq Qrenlandiyanın qorunması barədə müqavilə imzalayıb. Müqaviləyə əsasən, ABŞ adanı mümkün hərbi təcavüzdən müdafiə etmək öhdəliyini götürüb.