Qətər Venesuela və ABŞ arasında vasitəçilik etməyə hazırdır- ÖZƏL

Qətər tərəflərdən birinin xahişi ilə Venesuela ilə ABŞ arasında vasitəçilik edə bilər. Qətər hakimiyyəti bildirib ki, tərəflərdən hər hansı biri tələb edərsə, Venesuela ilə ABŞ arasında vasitəçilik etmək üçün mövcud rabitə kanallarından istifadə etməyə hazırdır. Olaylar.az xəbər verir ki, bu barədə Qətər Baş nazirinin müşaviri və Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari məlumat verib. O qeyd edib ki, "Qətər keçmişdə Venesuela və ABŞ arasında uğurlu vasitəçilik missiyası həyata keçirib və bu əlaqə kanalları hazır vəziyyətdədir, əgər bizdən biri bunu xahiş edərsə". Ənsari həmçinin vurğulayıb ki, Doha "Venesuelada baş verənlərdən son dərəcə narahatdır" və vəziyyəti yalnız Venesuelanın daxili problemi kimi deyil, həm də regionun stabilliyi məsələsi kimi qiymətləndirir.
ABŞ-ın Karakasdakı hücumu ilə bağlı Venesuela hökuməti ilə əlaqələr barədə sualına cavab olaraq diplomat bildirib ki, Venesuela hökuməti ilə diplomatik münasibətlər əvvəlki səviyyədədir. "Hər iki tərəf ilə əlaqə kanalları açıqdır. Hazırda Venesuela hökuməti ilə münasibətlər dəyişməz olaraq qalır və eyni diplomatik mexanizmlər fəaliyyət göstərir", - Ənsari açıqlayıb.
Qeyd edək ki, yanvarın 3-də Venesuela Xarici İşlər naziri İvan Xil Pinto ABŞ-ın Karakasda həm mülki, həm də hərbi obyektlərə hücum etdiyini bəyan edib və bunu hərbi aqressiya adlandırıb. Hadisələr nəticəsində ölkədə fövqəladə vəziyyət elan olunub, dövlət rəhbəri Nikolas Maduro və həyat yoldaşı ABŞ-a aparılıb. Qətər Xarici İşlər Nazirliyi Venesueladakı vəziyyətdən ciddi narahatlıq ifadə edərək, Doha tərəfindən vəziyyətin sülh yolu ilə həllinə yönəlmiş hər hansı səylərə dəstək verməyə hazır olduğunu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31