Türkiyənin görünməyən qəhrəmanları: MİT 99 yaşını qeyd edir - İbrahim Kalın
6 Yanvar 14:59 DünyaBu gün Milli İstihbarat Təşkilatımız (Milli Kəşfiyyat Təşkilatı - MİT) yaranmasının 99-cu ildönümüdür. Ölkəmizin və millətimizin təhlükəsizliyi və əmin-amanlığı üçün gecə-gündüz çalışan və "Vətən məsələsi söz mövzusudursa, bütün dünya bizim üçün vətən cəbhəsidir" deyən Təşkilatımız fəaliyyətlərini yüzillik dövlət düşüncəsi və mədəniyyət yaddaşı ilə həyata keçirir, dövrün tələblərinə və ehtiyaclarına uyğun olaraq özünü daim yeniləyir.
Olaylar.az xəbər verir ki, bunu MİT rəhbəri İbrahim Kalın "Milli İstihbarat Təşkilatı 99 yaşında - Türkiyə Əsrində daha təhlükəsiz və daha güclü Türkiyə" başlıqlı məqaləsində bildirib.
İbrahim Kalın məqalədə təşkilatın həyata keçirdiyi fəaliyyətləri və qarşıya qoyduğu hədəfləri qələmə alıb.
Kalın bildirib ki, terrordan azad Türkiyə hədəfi özünəməxsus və innovativ transformasiya layihəsidir. O qeyd edib ki, yeni dövr strateji düşüncə ilə inşa edilən "Türkiyə Əsri"nin ən böyük nailiyyətlərindən biri olacaq.
"Mövcud beynəlxalq sistem eyni vaxtda baş verən geosiyasi və hibrid böhranlar qarşısında ciddi sınaqdan uğursuz çıxır. Qlobal təhlükəsizliyi təhdid edən proseslərə ədalətli və dayanıqlı həll yolları tapmaqda çətinlik çəkən hazırkı struktur, qaydalara əsaslanan çoxtərəfli mexanizmlərin zəiflədiyi və maraq yönümlü yanaşmaların üstünlük qazandığı bir dönüş nöqtəsindən keçir. Qərb mərkəzli paradiqma sual altına alınarkən, Qlobal Cənubu da əhatə edən yeni axtarışlar yeni bir paradiqmanın formalaşmasına yol açır.
Mövcud sistemin yetərsiz qaldığı, lakin onu əvəz edə biləcək alternativ bir dünyanın hələ tam formalaşmadığı bu tarixi qırılma mərhələsində hər bir dövlət yeni dövrə üstün mövqedə daxil olmaq üçün böyük səylər göstərir. Tükiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Türkiyə Əsri" baxışı çərçivəsində ölkəmiz də çoxşaxəli və balanslaşdırılmış xarici siyasət strategiyası, eləcə də hər gün inkişaf edən kəşfiyyat imkanları ilə bu yeni mərhələyə təkcə regional aktor kimi deyil, eyni zamanda uzaq coğrafiyalardakı böhranlara müdaxilə edə bilən, həll yolları təklif edən, ədalət və həmrəyliyi əsas götürən qlobal tərəfdaş kimi daxil olur", - deyə İbrahim Kalın vurğulayıb.