Piylənmədən əziyyət çəkənlər miqrenə daha çox tutulur - Araşdırma

Cənubi Koreya alimləri 6 milyondan çox insanın məlumatlarını təhlil edərək artıq çəkili gənclərin miqrenlə daha tez-tez üzləşdiyi qənaətinə gəliblər.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, burada həlledici amilin ümumi bədən kütlə indeksi (BKİ) deyil, bel çevrəsinin ölçüsü olduğu məlum olub. Yəni, piylənmədən əziyyət çəkən, qarın nahiyyəsində artıq piy qatı olan şəxslər daha çox miqrenə tutulur.

Araşdırmada 20-39 yaş arası, başlanğıcda miqren diaqnozu olmayan 6,1 milyon nəfər orta hesabla 7 il izlənilib. Nəticələr göstərib ki, çəki artdıqca miqren riski yüksəlsə də, bu əlaqə bel çevrəsi nəzərə alındıqda zəifləyir. Əksinə, geniş bel çevrəsi BKİ, həyat tərzi və metabolik göstəricilərdən asılı olmayaraq miqrenin güclü proqnozlaşdırıcısı olaraq qalır.

Alimlər bildirir ki, qarın nahiyəsində toplanan visseral yağ iltihabyaradıcı maddələr ifraz edir və bu, miqren tutmalarının yaranma həddini aşağı sala bilər. Əlaqə xüsusilə 30 yaşdan aşağı şəxslərdə, siqaret çəkməyənlərdə və alkoqoldan sui-istifadə edənlərdə daha qabarıq olub. Tədqiqatçılar alkoqolun damarları genişləndirən təsirinin bu riski artıra biləcəyini qeyd edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31