Maduro və arvadının ətafında müəmma yarandı – Reallıq fərqli imiş
5 Yanvar 15:58 DünyaVenesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin tutulması ətrafında müzakirələr alovlanıb. ABŞ-ın bu addımının beynəlxalq hüquqa zidd olduğu bildirilir və belə mülahizələr fonunda "beynəlxalq hüquq artıq işləmir" iddiası artıq tez-tez səslənir.
Beynəlxalq hüquq nədir? Bu, hansı mexanimz və hansı təşkilatların nizamnamələri ilə reallaşdırılır?
Globalinfo.az-a danışan hüquqşünas Ellada Bayramova deyib ki, beynəlxalq hüquq dövlətlər, beynəlxalq təşkilatlar, qeyri-hökumət qurumları və fərdlər arasında münasibətləri tənzimləyən hüquqi normalar sistemidir:
"Bu sistem dövlətlərin suverenliyi və ərazi bütövlüyü, insan hüquqlarının müdafiəsi, münaqişələrin qarşısının alınması və beynəlxalq əməkdaşlığın təşkili kimi əsas prinsiplərə əsaslanır. Beynəlxalq hüququn fundamental prinsiplərinə dövlətlərin suveren bərabərliyi, zorakılıqdan istifadə etməmək, beynəlxalq müqavilələrə riayət etmək və insan hüquqlarının qorunması daxildir. Suveren bərabərlik prinsipi dövlətlərin öz ərazilərində müstəqil fəaliyyət göstərmək hüququnu tanıyır və onların digər dövlətlərlə bərabərhüquqlu münasibətlər qurmasını təmin edir. Zorakılıqdan istifadə etməmək prinsipi isə münaqişələrin silahlı güc tətbiq olunmadan, sülh yolu ilə həllini nəzərdə tutur".
Hüquqşünas bildirib ki, beynəlxalq hüququn tətbiqi əsasən dövlətlərarası razılaşmalar vasitəsilə həyata keçirilir:
"Beynəlxalq müqavilələr, konvensiyalar və protokollar iştirakçı dövlətlər üçün hüquqi öhdəliklər yaradır və davranış qaydalarını müəyyən edir. Bu öhdəliklərin pozulması hallarında beynəlxalq məhkəmələr, arbitraj tribunalları və diplomatik mexanizmlər işə salınır. Beynəlxalq hüququn icrasında beynəlxalq təşkilatların rolu mühümdür. Birləşmiş Millətlər Təşkilatı (BMT) bu sahədə əsas institusional mexanizm hesab olunur. BMT-nin Nizamnaməsi dövlətlərarası münasibətləri tənzimləyir, münaqişələrin sülh yolu ilə həllini təşviq edir və insan hüquqlarının qorunmasına xidmət edir. Beynəlxalq Cinayət Məhkəməsi isə müharibə və insanlığa qarşı cinayətlər törətmiş şəxslərin fərdi məsuliyyətə cəlb olunmasını təmin edir".
Ellada Bayramova qeyd edib ki, regional təşkilatlar da beynəlxalq hüququn tətbiqində mühüm yer tutur:
"Avropa İttifaqı (Aİ) və Avropa İnsan Hüquqları Məhkəməsi üzv dövlətlərdə hüquqi normaların qorunmasına, mübahisələrin sülh yolu ilə həllinə nəzarət edir. Afrika İttifaqı, Amerika Dövlətləri Təşkilatı və digər regional qurumlar da oxşar funksiyalar yerinə yetirir. Beynəlxalq hüququn icra mexanizmlərinin effektivliyi əsasən dövlətlərin siyasi iradəsindən və beynəlxalq ictimaiyyətin təsir imkanlarından asılıdır. Bu səbəbdən bəzi hallarda normaların tətbiqi tam səmərəli olmaya bilər. Lakin mövcud hüquqi mexanizmlər dövlətlər arasında əməkdaşlığı gücləndirir, münaqişələrin qarşısını alır və beynəlxalq standartların qorunmasına şərait yaradır".
Ekspert əlavə edib ki, bütün hallarda beynəlxalq hüquq qlobal sabitliyin və hüquqi nizamın mühüm dayağı olaraq qalır:
"Sərhədlərin müəyyənləşdirilməsi, ticarət, nəqliyyat, poçt, aviasiya qaydaları və diplomatik toxunulmazlıq (Vyana Konvensiyaları) sahələrində beynəlxalq hüquq gündəlik və sistemli şəkildə işləyir, çünki böyük dövlətlərin də maraqlarına uyğundur. Müharibə əsirlərinin dəyişdirilməsi, Qırmızı Xaç vasitəsilə humanitar dəhlizlər, mülki şəxslərin qorunmasına dair mexanizmlər istiqamətində pozuntular çox olsa da, bu sahədə beynəlxalq hüquq tam yox səviyyəsində deyil, qismən tətbiq olunur".