Finlandiya polisi azərbaycanlı gəmiçinin həbsini tələb edir
5 Yanvar 11:26 DünyaFinlandiya polisi Baltik dənizində sualtı telekommunikasiya kabellərinə zərər vurmaqda şübhəli bilinən olan "Fitburg" yük gəmisinin azərbaycanlı heyət üzvünün həbsini tələb edib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, gəmidə həmçinin Qazaxıstan və Rusiya vətəndaşları da olub.
Finlandiya polisi saxlanılan "Fitburg" gəmisinin heyət üzvlərindən birinin həbsi üçün vəsatət qaldırıb. Bu, Azərbaycan vətəndaşıdır. Digər saxlanılan Rusiya vətəndaşına səyahət qadağası qoyulub. Ümumilikdə, hazırda 14 heyət üzvündən üçünə bu cür məhdudiyyətlər tətbiq olunur.
31 dekabrda Finlandiya xüsusi təyinatlıları Sent-Vinsent və Qrenada bayrağı altında Rusiyadan İsrailə gedən "Fitburg" yük gəmisini saxlayıb. Gəmi Estoniyanın eksklüziv iqtisadi zonasında Elisa sualtı telekommunikasiya kabelinə zərər vurmaqda şübhəli bilinir. Saxlanılan zaman gəminin lövbər zənciri suda olub.
Finlandiyanın gömrük xidməti həmçinin bildirib ki, "Fitburg" gəmisi sanksiya tətbiq edilən mallar siyahısında olan konstruksiya poladı daşıyırdı. Gəmi yükün vəziyyətini və heyət üzvlərinin hərəkətlərini araşdırmaq üçün dayandırılıb.
Gəmidə Rusiya, Gürcüstan, Azərbaycan və Qazaxıstan vətəndaşları olub. Finlandiya hakimiyyəti hüquqi prosedurları davam etdirir və hər bir heyət üzvünün məsuliyyət dərəcəsini müəyyən edir.
Azərbaycanlı gəmiçinin adı açıqlanmır.