Filippin ABŞ-ı Venesuelada sülh və sabitliyi bərpa etməyə çağırıb-ÖZƏL

Filippin Birləşmiş Ştatları beynəlxalq hüquqa riayət etməyə, gərginliyin artırılmamasına və Venesuelada sülhün və asayişin bərpasına töhfə verməyə çağırıb. Olaylar.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin ABŞ-ın hərbi əməliyyatı və Venesuela lideri Nikolas Maduronun saxlanılması ilə bağlı yaydığı bəyanatda bildirilib. Bəyanatda qeyd olunur ki, Filippin Venesuelada baş verən hadisələrin regionda sülh və sabitliyə, eləcə də qaydalara əsaslanan beynəlxalq nizamın prinsiplərinə mümkün təsirindən narahatdır.
"ABŞ-ın təhlükəsizlik narahatlıqlarını nəzərə alsaq da, Filippin beynəlxalq hüququn əsas prinsiplərinin - dövlətlərin müstəqilliyi və suveren bərabərliyi, münaqişələrin sülh yolu ilə həlli, güc tətbiqi və ya onunla hədələmənin yolverilməzliyi, suveren dövlətlərin daxili işlərinə qarışmamaq prinsipinin - xüsusi önəmini vurğulayır," - bəyanatda deyilir.
Filippin tərəfi bütün aidiyyəti tərəfləri BMT Nizamnaməsinə hörmət etməyə, təmkinli davranmağa, qarşıdurmanın dərinləşməsinin qarşısını almağa, Venesuelada sülh və asayişi bərpa etməyə, həmçinin ölkədə və regionda yaşayan insanların, o cümlədən venesueladakı filippinlilərin təhlükəsizliyini təmin etməyə çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31