Tramp növbəti ölkənin niyə Kuba ola biləcəyini qeyd etdi?- ÖZƏL
5 Yanvar 10:35 Dünya"Venesuela özünün neft yataqlarını 1976-cı ilin 1 yanvarında milliləşdirir. Həmin dövrdə orada 5 milyard dollar (alıcılıq qabiliyyəti, inflyasiya göstəricilərinə görə bu günün 28.5 milyard dolları olsa da, ayrı-ayrı qiymətli metal və göstəricilərə görə bu günün daha yüksək məbləğinə bərabərdir. Məsələn, qızılın bir unsiyası həmin dövrdə 105 dollar ətrafında idi) investisiya qoymuş Amerika şirkətlərini, Exxon Corporation, the Gulf Oil Corporation və Mobil Oil Corporations şirkətlərini sadəcə olaraq qovurlar. Trump bizim neft quyularımızı alıblar dedikdə bunu nəzərdə tuturdu. O zaman da Venesuela SSRİ-nin dəstəyi ilə beynəlxalq hüququ çeynəmişdi". "Olaylar" xəbər verir ki, bunu iqtisadçı ekspert Elman Sadıqov deyib. Bildirib ki, 1976-cı ildə sosializmi yaymağı əsas məqsədi olan və böyük güc hesab edilən SSRİ Venesuelanı dəstəkləyirdi. Venesuela sosializm quruluşuna keçməyə başlamışdı: "ABŞ-nin heç nəyi unutmayan bir siyasəti var. Onlar öz strategiyalarını müəyyən edərkən tarixdə onlara qarşı atılmış ən incə mənfi və müsbət addımları nəzərə alırlar. Dövlət üçün formalaşmış bir "qan yaddaşı" prinsipi var. Ən çox İsrailə məxsus olan bu xüsusiyyətin də ABŞ-də formalaşmasında yəhudi lobbisinin rolunun yüksək olduğu görünməkdədir. Bunu müsbət bir amil hesab edirəm. Bir faktı qeyd edim. ABŞ-nin böyük investisiya şirkətlərindən biri olan Long-Term Capital Management (LTCM) şirkəti dotcom adlanan 1998-2000-ci illər böhranında iflasa uğrayarkən ABŞ hökuməti Lehman Brothers şirkətindən bu şirkətə investisiya yatırmağı, xilas etməyi xahiş edir. Lehman Brothers cavabında bildirir ki, onlar toksik şirkətlərə investisiya yatırmırlar. 2008-ci il böhranında Lehman Brothers iflas ərəfəsində ABŞ hökumətinə kömək üçün müraciət etdikdə ABŞ-nin Maliyyə Nazirliyindən eyni cavabı alır və 15 sentyabr 2008-ci ildə 625 milyard dollar aktivə sahib olan Lehman Brothers şirkəti iflas olduğunu elan etməyə məcbur olur. Yüzlərlə belə faktlar var. Keçən il ermənilərlə bundan sonrakı siyasətimizi formalaşdırarkən mehriban qonşuluq, ticarət, iqtisadi əlaqələr qaçılmaz olsa da, qan yaddaşımızı unutmamalıyıq ki, 30-40 ildən sonra yenə də kürəyimizə bıçaq saplamasınlar fikrini vurğulayan geniş məqalə yazmışdım. Ona görə mövzunu burada bağlayaraq bildirmək istəyirəm ki, əslində belə də olmalıdır. Arayış: Ən xırda yaxşılıq və ən xırda pislik cavabsız qalmamalıdır ki, növbəti illərdə pisliklər etməyə cəsarət edənlərin sayı azalsın, yaxşılıq edənlərin sayı çoxalsın. Cavabsız qalmayacağı məlum olduqda pislik edənlərin sayı azalar, yaxşılıq edənlərin sayı çoxalar!!!
Burada məsələ bir az aydınlaşır ki, nə üçün Tramp növbəti ölkənin Kuba ola biləcəyini qeyd etdi. Vaxtilə Amerika qitəsində sosializm pərəstişkarları olan ölkələr SSRİ-nin Amerika qitəsində dayağı və güclü lideri ilə qatı sosialist ölkəsi Kuba vasitəsilə kurasiya olunurdu. Hazırda Venesuelanın faktiki olaraq Kuba işğalı altında olduğu qeyd olunur. Çünki, Venesuelada hələ də əsas vəzifələrdə ya əslən kubalılar, ya da Kuba tərəfdarlarıdır. Onlar da Rusiya tərəfindən dəstəklənirlər. Latın Amerikası ölkələrinin fiskal siyasətlərini öyrənərkən Venesuelanın ziqzaqvari iqtisadi tarixi diqqətimi çox çəkmişdi. Bu dövlət nefti, qazı, qızılı və sair bol resursları olmasına baxmayaraq bərbad iqtisadi siyasət yürütmüşdür ki, əsas səbəblərdən biri, bəlkə də həlledici səbəb Kuba düşüncəli idarəçilərin söz sahibləri olması, Venesuela kimi dövləti də iqtisadi cəhətdən Kubanın vəziyyətinə salmalarıdır.
Burada qarşımıza daha dərin bir mövzu, Britaniyanın rolu çıxır ki, bu mövzuya geniş və dərin olduğu üçün toxunmaq istəmirəm. Bircə onu deyim ki, Kanada məsələsində geri çəkilən Tramp (ABŞ dərin dövləti) Kuba, Kolumbiya məsələsində prinsipial və sərt mövqelərində qalacaq.
ABŞ-nin hərbi gücü digər dövlətlərlə müqayisəolunmaz dərəcədə güclüdür. Aviasiya təkcə F seriyalı F16, F18, F22, F35 və digər seriyalardan olan hərbi təyyarələrlə zəngindir. Ən son nəsil, ən son proqram təminatlı, ya ən son buraxılışlı, ya da ən yeni ehtiyat hissələri ilə. Yüksək texnologiyalarını, bütün dünyada 105 hərbi hissəyə malik olan bir ölkə olmasını, maliyyə gücünü və sair demirəm. Bütün bunları bilə-bilə bütün siyasətin çürümüş və məhv olmuş kommunist-sosialist ideologiyası və onun təbliğatı, ABŞ-nin söyülməsi üzərində qurulması cahillik, tarixin və müasir reallıqların nəzərə alınmaması, bərbad iqtisadiyyat (minimum əmək haqqı 1 dollardır) və sair amillər fonunda anlaşılmaz idi. Əgər həmin siyasətini davam etdirməsəydi, düzgün siyasət yürütsəydi, Venesuela soyuq müharibə dövründə etdiklərinin bədəlini bu gün ödəməyə də bilərdi! Mən bədəl ödəmək dedikdə xalqın son onillər ərzində ağır iqtisadi çətinliklərlə üzləşməsini nəzərdə tuturam. Təsəvvür edin ki, son 10 il ərzində inflyasiya 70 trilyon faiz olmuşdur! Təsəvvür edin ki, insan çörək almağa mağazaya getdiyi 10 dəqiqə ərzində çörəyin qiyməti artırdı. Son illərdə inflyasiya səngiməyə başlamışdı. Ölkədən 9 milyon insan xaricə köçmüşdü. Yeri gəlmişkən, hazırda dünya ölkələrinin iqtisadiyyatları təhlil olunarkən ölkədən bir il ərzində gedənlərin və ölkəyə gələnlərin, qayıdanların sayı da iqtisadi göstəricilər sırasına həlledici göstəricilərdən biri kimi əlavə edilmişdir.
2005-2006-cı illərdə President Hugo Chavez Rusiya ilə 20 milyard dollar həcmində hərbi sursat alışı ilə bağlı müqavilə imzalamış, 4 milyard dollarlıq alışlar həyata keçmiş, 16 milyard dollarlıq alışlar isə qaranlıq qalmışdır. Rusiya növbəti illərdə də Venesuelaya hava hücumundan müdafiə (o cümlədən Zenit) kompleksləri satmışdır. Venesuela bu sistemlərə çox arxayın idi. Bu sistemlər 3 saat içində sıradan çıxarıldıqdan sonra Karakas üzərində ABŞ helikopterləri alçaqdan (200-250 metr) istədikləri kimi uçuşlar həyata keçirirdilər;
Nəhayət Maduronun götürülməsində bir oyun olub olmamasına gəlincə. Strateji təhlilçilər nəticəyə baxarlar. Əslində, Venesuelanın İraq, Liviya, Əfqanıstan, Yəmənin vəziyyətinə düşmə ehtimalı da var idi. ABŞ Venesuelaya əvvəl-axır qayıtmalı idi, bu onun strateji xətlərindən biri idi. Amma bunu qan tökülmədən, ölkə viran olmadan, insanlar, ailələr məhv olmadan həyata keçirdisə, burada Trampın rolu böyükdür. Əvvəl də qeyd etdiyim bu fikri açmaq istəyirəm. Məsələ burada təkcə humanistlikdə deyil. Bəli, Nobel Sülh Mükafatı almaq istəyən Tramp əlini qana bulamaq istəmədi. Həm də ona görə ki, qan tökülsəydi, ölkə viran olsaydı, ABŞ-nin neft şirkətlərinin Venesuelaya qayıtması uzanacaqdı. Trampa isə neft ən qısa müddətdə lazımdır. Həm də, Tramp biznesmendir. Dağıdıb sonra bərpa edib xərc çəkməkdənsə, həmin vəsaitin bir hissəsini Venesuelaya xərcləyib xalqı da öz təyin etdikləri Prezidentin tərəfinə daha sürətlə çəkmək daha məqsədəuyğundur! Amma bütün bunlar hələ 100 faiz qarantiya vermir ki, hər şey bitib. Rusiya (və digər bir neçə dövlət) Venesuelada olan xəstə düşüncəli kubalı vəzifəlilərin əli ilə qarışıqlıq, vətəndaş müharibəsi salmaq istərsə, vəziyyət dəyişər. Tramp "ordu növbəti həmlə üçün hazırdır və əmr gözləyir" dedikdə bunu nəzərdə tuturdu!
Nəticə olaraq, obyektiv təhlilə iddia edən şəxs kimisə sevməz, kiməsə nifrət etməz. Öz ölkəsindən başqa hansısa ölkəyə pərəstiş etməz, hansısa ölkəyə (qan düşmənləri istisna) antipatiya göstərməz. Bunu edən istənilən analitikin təhlil qabiliyyəti və imkanları sürətlə minimallaşıb solar, məhv olar! Hadisələrə bir neçə baxış bucağından, soyuq başla, dərindən və hər bir nüansı öyrənib nəzərə alaraq baxmaq düzgün nəticələr çıxartmaq, reallıqları görə bilmək və düzgün strategiya qurmaq imkanı əldə etmək deməkdir. Əks halda isə, insan sadəcə özü-özünü aldatmaqla daha dərin uçurumlara yuvarlanar. Bu məsələdə dövlətlərə gəlincə isə. ABŞ-nin quru qoşunları komandanı olan generalın əməliyyat barədə mətbuat konfransındakı çıxışını diqqətlə dinlədim. Diqqət yetirdinizsə, bu əməliyyatda silahdan çox beyin işlədilib!"