Paşinyan kilsə rəhbərliyinin dəyişdirilməsini nəzərdə tutan “yol xəritəsi”ni imzaladı – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Erməni Apostol Kilsəsində islahatları nəzərdə tutan və "abadlaşdırma yol xəritəsi" adlandırılan sənədi 10 üsyankar yepiskopla birlikdə imzalayıb.

Məlumata görə, Paşinyan hələ dekabrın 8-də Erməni Apostol Kilsəsinin "yenilənməsi" ilə bağlı planını ictimaiyyətə təqdim edərək onu "yol xəritəsi" adlandırmışdı. Baş nazirin təqdim etdiyi bu sənədin bütün ermənilərin katolikosu II Qareginin vəzifədən getməsindən sonra həyata keçirilməsi nəzərdə tutulur. Hakimiyyət dairələri katolikosun istefasına nail olmağa çalışır və hökumət kilsə nizamnaməsinin hazırlanmasına da yardım etməyə hazır olduğunu bəyan edir.

II Qareginin istefasını tələb edən kilsə iyerarxları baş nazirin iqamətgahına gələrək sənədi növbə ilə imzalayıblar. "Üsyankar onluq"dan iki nəfər isə sənədə məsafədən razılıq verib.

Sənəddə aşağıdakı əsas müddəalar yer alır: Kilsə islahatları proqramının açıq elan edilməsi; Mövcud kilsə rəhbərinin vəzifədən uzaqlaşdırılması; Patriarx taxtına müvəqqəti rəhbərin seçilməsi; Kilsə nizamnaməsinin qəbul edilməsi; Bütün ermənilərin katolikosunun seçilməsi.

Qeyd edək ki, Ermənistan Konstitusiyasına əsasən, Erməni Apostol Kilsəsi dövlətdən ayrıdır və xüsusi missiyaya malikdir. Hökumətin kilsə işlərinə müdaxilə etmək hüququnun olmadığı barədə həm ruhani şəxslər, həm də siyasətçilər dəfələrlə bəyanat veriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31