Maduronun var-dövləti AÇIQLANDI

ABŞ ilə Venesuela arasında gərginliklə bağlı yayılan xəbərlər beynəlxalq mediada geniş rezonans doğurub.

Milli.Az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, ABŞ-ın Venesuelaya qarşı həyata keçirdiyi əməliyyat zamanı ölkə prezidenti Nikolas Maduro və həyat yoldaşının saxlanılaraq Nyu-Yorka aparıldığı bildirilir.

Xəbərdə qeyd olunur ki, ötən ilin avqustunda ABŞ-ın baş prokuroru Pam Bondi Madurona məxsus ümumilikdə 700 milyon dollar dəyərində aktivlərin müsadirə edildiyini açıqlayıb. Müsadirə olunan əmlaklar arasında lüks təyyarələr, bahalı daşınmaz əmlaklar, avtomobillər, zinət əşyaları və böyük məbləğdə nağd pulun olduğu vurğulanıb.

Məlumata görə, Maduronun aktivləri sırasında xüsusilə iki reaktiv təyyarə diqqət çəkir. Onlardan biri - Dassault Falcon 900EX - Venesuela liderinin "prezident təyyarəsi" kimi istifadə olunub. Sözügedən hava gəmisi 2024-cü ilin sentyabrında Dominikan Respublikasında ABŞ tərəfindən müsadirə edilərək Floridaya aparılıb. Təyyarənin dəyərinin təxminən 13 milyon dollar olduğu bildirilir.

Digər reaktiv - Dassault Falcon 2000EX isə 2025-ci ilin fevralında Dominikan Respublikasında ələ keçirilib. Bu təyyarədən Maduroya yaxın yüksək rütbəli məmurların da istifadə etdiyi qeyd olunur.

Bundan əlavə, müsadirə edilən əmlaklar siyahısına Dominikan Respublikasında yerləşən malikanə, Floridada bir neçə lüks ev, at ferması, doqquz bahalı avtomobil, həmçinin milyonlarla dollar dəyərində nağd pul və zərgərlik əşyaları daxildir.

Məsələ ilə bağlı rəsmi qurumlardan əlavə açıqlama verilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31