Danimarka Trampı Qrenlandiya ilə bağlı hədələri dayandırmağa çağırdı – ÖZƏL
5 Yanvar 09:17 DünyaDanimarkanın baş naziri Mette Frederiksen ABŞ prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı səsləndirdiyi iddialara sərt reaksiya verib.
Olaylar.az xəbər verir ki, BBC-nin məlumatına görə, Frederiksen ABŞ-nin Danimarka Krallığına daxil olan heç bir ölkəni ilhaq etmək hüququnun olmadığını bildirib.
"ABŞ-nin Danimarka Krallığının üç ölkəsindən heç birini anneksiya etməyə haqqı yoxdur", - deyə Danimarkanın baş naziri vurğulayıb.
Onun sözlərinə görə, ABŞ-nin Qrenlandiyanı ələ keçirməsi barədə danışmaq tamamilə mənasızdır. Frederiksen Vaşinqtonu bu cür bəyanatları açıq şəkildə dayandırmağa çağırıb.
"Tarixən yaxın müttəfiqə və açıq şəkildə "satılmadıqlarını" bildirən başqa bir xalqa qarşı təhdidlərə son qoyulmasını ABŞ-dən qətiyyətlə tələb edirəm", - deyə o əlavə edib.
Baş nazir Danimarkanın və Qrenlandiyanın NATO üzvü olduğunu xatırladaraq, ABŞ ilə artıq mövcud olan müdafiə sazişinə diqqət çəkib. O bildirib ki, Danimarka Arktika regionunda təhlükəsizlik investisiyalarını da artırır.
"Danimarka, deməli Qrenlandiya da NATO üzvüdür. Bizim ABŞ ilə müdafiə sahəsində razılaşmamız var və Arktikanın təhlükəsizliyi üçün yatırımları genişləndiririk", - deyə Frederiksen qeyd edib.
Xatırladaq ki, Trampın köməkçisinin həyat yoldaşı sosial şəbəkələrdə Qrenlandiyanın ABŞ bayrağının rənglərində təqdim olunduğu və üzərində "tezliklə" yazılan xəritəni paylaşıb. Bu addım ABŞ-nin mineral ehtiyatlarla zəngin və strateji əhəmiyyətə malik adaya marağının növbəti siqnalı kimi dəyərləndirilir