Vaşinqtondan açıq mesaj: Venesueladan sonra baxışlar Kubaya çevrilir

ABŞ-ın dövlət katibi Marko Rubio Kubanın "ciddi problemlərlə üz-üzə qaldığını" bildirib və Havana rəhbərliyinə açıq xəbərdarlıq edib.

Rubio bu fikirləri NBC News-un Meet the Press proqramında səsləndirib.

Rubio bildirib ki, Vaşinqton Kubadakı mövcud rejimi açıq şəkildə dəstəkləmir və ABŞ-ın gələcək addımları ilə bağlı detallar açıqlanmasa da, Kuba rəhbərliyinin narahat olmağa əsasları var.
"Əgər mən Havana hökumətində olsaydım, ciddi şəkildə narahat olardım", - deyə Rubio vurğulayıb.

Dövlət katibi Kubanı devrilmiş Venesuela lideri Nikolas Maduronun əsas dayaqlarından biri kimi təqdim edib. Onun sözlərinə görə, Maduro Venesuelada məhz kubalı mühafizəçilər tərəfindən qorunurdu, daxili təhlükəsizlik və kəşfiyyat mexanizmlərinə də kubalı strukturlar nəzarət edirdi.

Rubio həmçinin qeyd edib ki, kubalı rəsmilər Maduronun ələ keçirilməsindən əvvəl də Venesuelada olublar və Havana hökuməti Karakas rejiminin təhlükəsizlik və casusluq xidmətlərindən ciddi maliyyə gəliri əldə edib.

ABŞ Prezidenti Donald Trump da Venesueladakı prosesləri Kubadakı vəziyyətlə müqayisə edərək, Kubanı "iflas etmiş dövlət" adlandırıb və ABŞ-ın məqsədinin region xalqlarına yardım etmək olduğunu bildirib. Tramp Latın Amerikasında ABŞ-ın maraqlarına qarşı Çin, Rusiya və İranın artan təsirini də tənqid edib və Monro Doktrinasına istinad edərək bu təsirləri "ABŞ xarici siyasətinin əsas prinsiplərinin pozulması" kimi qiymətləndirib.

Bu açıqlamalara cavab olaraq Miguel Díaz-Canel ABŞ-ın Venesuelaya qarşı hərbi əməliyyatlarını "dövlət terrorizmi" adlandırıb. Kuba hökuməti rəsmi bəyanatla Vaşinqtonun addımlarını beynəlxalq hüququn və BMT Nizamnaməsinin kobud şəkildə pozulması kimi dəyərləndirib və Venesuelaya tam siyasi dəstək verdiyini bəyan edib.

Qeyd edək ki, Marko Rubio uzun illərdir Kuba və Venesuelaya qarşı sərt xətti ilə tanınır və bu ölkələrdə rejim dəyişikliyini açıq şəkildə dəstəkləyən ABŞ siyasətçilərindən biri hesab olunur.

Musavat.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31