ABŞ-ın hədəfində olan ölkələrin siyahısı dəqiqləşdi: Tramp dünyanı orta əsrlər dövrünə geri qaytarır
4 Yanvar 18:37 DünyaAğ Evin, təbii sərvətləri ABŞ iqtisadiyyatı üçün cəlbedici olan dünya ölkələrinə qarşı yeni hərbi əməliyyatlar keçirə biləcəyi qətiyyən istisna deyil... Yəni, Tramp administrasiyası həm dünya dövlətlərini, həm də onların təbii və milli sərvətlərini ələ keçirmək vərdişləri qazanmağa başlayıb...
İkinci Dünya Müharibəsindən sonra qurulmuş olan qlobal düzən artıq mövcud deyil. Rusiyanın Ukraynaya işğalçılıq savaşına başlaması ilə mövcud dünya düzəni ciddi şəkildə dağılmağa başlamışdı. ABŞ-da Tramp administrasiyasının hakimiyyətə gəlişi isə qlobal düzənin dağılma prosesi sürətlənmiş oldu. Və bu baxımdan, ABŞ-ın Venesuela diktatoru Nikolas Maduronu hərbi əməliyyatla oğurlaması 80 illik dünya düzəni tamamilə çökdürüldü, hətta "dəfn" edildi.
Ancaq hələlik yeni dünya düzəninin necə olacağı, hansı hüquqi məzmuna yüklənəcəyi məlum deyil. Hazırda şübhə doğurmayan əsas məsələ odur ki, müasir dünya qlobal xaos dönəminə daxil olub. İndi dünyanın heç bir ölkəsi özünü təhlükəsizlikdə hesab edə bilməz. Yəni, hər hansı dövlətin suverenliyi həmin ölkə üçün təhlükəsizlik zəmanəti vermir. Və bu, müasir dünya üçün sözün əsl mənasında, "qlobal kollaps" anlamı daşıyır.
Məsələ ondadır ki, bundan sonra beynəlxalq hüquq normaları üzrə hüquqları tapdalanan dövlətin ədalət üçün müraciət edəcəyi heç qlobal ünvan qalmayıb. BMT formal beynəlxalq quruma çevrilib. Bu qurumun nizamnaməsi və qərarları hüquqi əhəmiyyət daşıya bilməz. Tramp administrasiyasının beynəlxalq hüquq normalarına zidd şəkildə, hərbi zorakılıq yolu ilə "diktator oğurluğu" etməsi güclünün "haqlı" sayılacağı dövrün başlanmasını təmin etdi. Və bundan sonra güclü dövlətlər zəif ölkələri işğal edərkən, hər hansı beynəlxalq qurumun verə biləcəyi reaksiyadan narahat olmayacaq.
Ancaq yeni başlanmış qlobal xaos dövrünün daha qorxunc və dəhşətli mərhələsi hələ irəlidədir. Üstəlik, Tramp administrasiyasının davranışları bu təhlükəli prosesi daha da genişləndirə bilər. Çünki son müşahidələr onu göstərir ki, Ağ Evin biabırçı Venesuela skandalı ilə kifayətlənmək niyyəti yoxdur. Və böyük ehtimalla Tramp administrasiyası ABŞ-ın digər hədəfləri ilə bağlı da tezliklə hərəkətə keçə bilər.
Maraqlıdır ki, həm prezident Donald Trampın, həm də digər Ağ Ev təmsilçilərinin son təhdidkar açıqlamaları ABŞ-ın növbəti hərbi-siyasi hədəflərini təxmin etməyə imkan verir. Belə ki, Ağ Ev administrasiyası rəhbərinin müavini Stiven Millerin həyat yoldaşı Keti Miller Qrenlandiyanın ABŞ bayrağının rənglərində tərtib olunmuş və üzərində "Tezliklə" mesajı olan xəritəsini sosial şəbəkədə paylaşıb. Və bu, vaxtilə prezident Donald Trampın Qrenlandiyanın ABŞ-a aid olması ilə bağlı iddialarlna dolayısı eyham anlamı daşıyır.
Belə anlaşılır ki, Tramp administrasiyası Venesueladan sonra ABŞ-ın növbəti hədəfinə yönəltməyə hazırlaşır. Əslində, prezident Donald Tramp öz səlahiyyətlərinin icrasına başladıqdan sonra həmin hədəfləri bir-bir sıralamışdı. Və ona görə də, Danimarka indi dərhal ABŞ-a sərt mesaj yönəldərək, bu krallığın ərazi bütövlüyünə hörmət olunmasını tələb edib.
Məsələ ondadır ki, Ağ Evin ABŞ-ın sərhədləri içərisinə qatmağa can atdığı Qrenlandiya məhz Danimarkaya məxsus böyük bir adadır. Danimarkalı diplomat Sorensen bildirib ki, ABŞ və Danimarka NATO çərçivəsində müttəfiqdir, tərəfdaşlar arasında qarşılıqlı hörmət prinsipi isə qorunmalıdır. Onun fikrincə, müttəfiqlik münasibətləri suverenlik və ərazi bütövlüyü kimi fundamental prinsiplərin şübhə altına alınmasına əsas verə bilməz. Və bu mövqe alyans daxilində sabitlik, eləcə də, qarşılıqlı etimad üçün olduqca vacibdir.
Hələlik Ağ Ev Danimarkadan gələn sərt xəbərdarlıq mesajına rəsmi reaksiya verməyə qətiyyən tələsmir. Hətta ola bilər ki, Ağ Evdə rəsmi Kopenhagenin etirazlarına əhəmiyyət verməyə ehtiyac duymurlar. Çünki artıq heç kəsə sirr deyil ki, Ağ Ev üçün NATO və bu qurum çərçivəsində müttəfiqlik artıq elə bir ciddi əhəmiyyət daşımır. Tramp administrasiyasının Qrenlandiya planı isə indiyə qədər dəfələrlə gündəmə gətirilib. Ağ Evdə hesab edirlər ki, Danimarka könüllü şəkildə Qrenlandiyadan ABŞ-ın xeyrinə imtina etməlidir. Əks halda, ABŞ bu adanın "aid olduğu yerə" birləşməsi üçün qətiyyətli addımlar atmalı olacaq.
Göründüyü kimi, Ağ Ev Qrenlandiyanı ABŞ-ın tərkibinə qaynaqda kifayət qədər qərarlıdır. Ancaq ABŞ-ın analoji hədəfləri yalnız bununla məhdudlaşmır. Belə ki, prezident Donald Tramp Kanadaya könüllü şəkildə ABŞ-ın ştatı olmağı bir neçə dəfə təklif edib. Ağ Ev sahibi əks halda, ABŞ-ın Kanadaya ənənəvi xarakter daşıyan maliyyə-iqtisadi yardımlarını tezliklə dayandıracağı ilə hədələyib. Onun fikrincə, belə addım atacağı təqdirdə, onsuz da Kanada özü ABŞ-ın tərkibinə daxil olmaq üçün xahiş etmək məcburiyyətində qalacaq.
Maraqlıdır ki, ABŞ-ın hədəfində olan ölkələrin siyahısı kifayət qədər genişdir. Ağ Ev indi yalnız bəzi Cənubi Amerika dövlətlərini deyil, hətta Avropa Birliyi ölkələrini də birbaşa təhdid edir. Tramp administrasiyası hesab edir ki, bütün bu ölkələr məhz Ağ Evdən idarə olunmalıdırlar. Eyni zamanda bütün bu ölkələrin iqtisadiyyatları da ABŞ-dan tam asılı vəziyyətə düşməlidir. Və həmin dövlətlər öz təbii sərvətlərindən, eləcə də, milli gəlirlərindən ABŞ-a böyük həcmdə pay ayırmağa hazır olmalıdırlar.
Onu da qeyd etmək lazımdır ki, Venesuela diktatorunun qaçırılmasından dərhal sonra prezident Donald Trampın Meksika barədə açıqlaması ABŞ-ın gələcək hədəflərinin necə böyük təhlükə qarşısında olduğunu təxmin etməyə imkan verir. Belə ki, Ağ Ev sahibi Meksikanı bu ölkənin qadın prezidenti deyil, məhz narkokartellərin idarə etdiyini vurğulamışdı. Ardınca isə Meksika ilə bağlı da yaxın vaxtlarda nəsə edəcəyini bildirmişdi.
Bu baxımdan, Ağ Evin, təbii sərvətləri ABŞ iqtisadiyyatı üçün cəlbedici olan dünya ölkələrinə qarşı yeni hərbi əməliyyatlar keçirmək qərarı verə biləcəyi qətiyyən istisna deyil. Yəni, Tramp administrasiyası həm dünya dövlətlərini, həm də onların təbii və milli sərvətlərini ələ keçirmək vərdişləri qazanmağa başlayıb. Və bu, bütün dünyanı orta əsrlər dövrünə geri qaytara bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert