Tramp qlobal sistemi dağıtdı və Venesuelada "dəfn" etdi: Ağ Ev dünyanı ABŞ-ın maraqlarına uyğun dəyişir
3 Yanvar 18:41 DünyaVenesuelada baş verənlər onu göstərir ki, dünya ölkələrinin təbii sərvətlərini ələ keçirmək uğrunda savaş qlobal xaos dövrünün önünü artıq açıb... Bundan sonra daha qorxunc proseslərin cərəyan etmə ehtimalı, güclü dövlətlərin daha zəif ölkələri istismar etmək niyyətinə düşə biləcəyi artıq qətiyyən istisna deyil...
Ağ Evə yaxın siyasi analitiklər bir müddət öncə bəyan etmişdilər ki, "ABŞ dünyanı dəyişmək" niyyətindən artıq tamamilə imtina edib. Onlar Ağ Evin "niyyəti" barədə danışarkən, ilk növbədə ABŞ-ın dünyaya "demokratiyanı yaymaq" cəhdlərini nəzərdə tuturdular. Bu, Ağ Ev tərəfindən də dolayısı ilə təsdiqləndiyindən, demokratiya və insan hüquqları sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq qurumlarda, eləcə də, bəzi Qərb siyasi-ictimai dairələrində ciddi məyusluq qarışıq narahatlıq doğurmuşdu.
Ancaq Venesuelada son baş verənlər amerikalı analitiklərin qənaətlərinin böyük ölçüdə yanlış olduğunu biruzə verir. Belə ki, Venesuela hadisələri ABŞ-ın yalnız "qlobal demokratiya ixracı"ndan imtina etdiyini göstərir. Çünki əks halda, Ağ Ev bu ölkənin diktatorunu hərbi əməliyyatla oğurlamaq əvəzinə, Venesuela xalqına qəddar siyasi rejimlə mübarizədə dəstək verərdi. Və bu, onu göstərir ki, Tramp administrasiyasının "demokratiya və insan hüquqları" kimi qlobal dəyərlərlə heç bir əlaqəsi yoxdur.
Belə anlaşılır ki, Ağ Ev indi yalnız "dünyanı dəyişmək" üzrə planlarına əvvəlkindən daha sadiqdir. Üstəlik, Tramp administrasiyası bu planları "demokratiya və insan hüquqları" kimi qlobal dəyərlər ilə ört-basdır etmədən, zorakı variantlar vasitəsilə reallaşdırmağa çalışır. Və bu baxımdan, ABŞ-ın Venesuela diktatoru Nikolas Maduronu hərbi əməliyyatla oğurlaması Ağ Evin dünyanı məhz öz maraqlarına uyğun şəkildə dəyişmək niyyətindən xəbər verir.
Məsələ ondadır ki, Venesuela diktatoru Nikolas Maduronun oğurlanmasından öncə ABŞ Hərbi Hava Qüvvələri bu ölkənin Karakas şəhərindəki hərbi obyektlərə ağır zərbələr endirib. Ağ Ev sonradan ABŞ ordusunun Venesuelaya qarşı hava hücumlarını təsdiqləyib. Hətta qeyri-rəsmi şəkildə etiraf olunub ki, ABŞ prezidenti Donald Tramp Venesuela ərazisinə, o cümlədən də hərbi obyektlərə zərbələrin endirilməsi barədə şəxsən əmr verib.
Nəticədə ABŞ Dəniz Piyadaları Korpusu Venesuela prezidenti Maduronu ələ keçirmək üçün xüsusi əməliyyat keçirib. Artıq bu əməliyyatın plana uyğun şəkildə uğurla yekunlaşdırıldığı da məlumdur. Çünki ABŞ prezidenti Donald Tramp Venesuela diktatoru Nikolas Maduronun və onun həyat yoldaşının saxlanılaraq, ölkədən çıxarıldığını bəyan edib. Və bunun normal dilə tərcüməsi isə Venesuela diktatoru Nikolas Maduronun ailəsi ilə birlikdə ABŞ hərbçiləri tərəfindən oğurlanması anlamına gəlir.
Son məlumatlara görə, "hərbi oğurluq əməliyyatı" ABŞ-ın "Delta" xüsusi təyinatlıları tərəfdən reallaşdırılıb. Yəni, Venesuela diktatoru Nikolas Maduro və onun ailəsi ABŞ ordusunun elit xüsusi təyinatlı bölməsi olan "Delta" xüsusi təyinatlı qüvvələri tərəfindən ələ keçirilib. Və indi Venesuelanın gələcək taleyinin necə olacağı kifayət qədər ciddi suallar doğurmağa başlayıb.
Məsələ ondadır ki, Venesuela hazırda ABŞ-ın "hərbi oğurluq əməliyyatı" ucbatından hakimiyyət boşluğu təhlükəsi ilə üzləşib. Üstəlik, diktator Nikolas Madurodan ciddi şəkildə narazı olan Venesuela əhalisi arasında kütləvi etiraz dalğası genişlənməyə başlayıb. Hətta Venesuela müxalifəti siyasi hakimiyyətə sahiblənməyə və ölkənin idarə olunması ilə bağlı məsuliyyəti öz üzərinə götürməyə hazır olduğunu bəyanlayıb.
Belə ki, "Nobel" Sülh Mükafatı laureatı və Venesuela müxalifətinin lideri Maria Korina Maçado ölkədə hakimiyyət dəyişikliyi baş verəcəyi təqdirdə, müxalifətin dövlət idarəçiliyini üzərinə götürmək niyyətini rəsmən elan edib. Onun sözlərinə görə, müxalifət artıq yalnız etiraz və siyasi mübarizə mərhələsində deyil, konkret idarəetmə planları olan alternativ hökumət modelini formalaşdırıb. Maria Korina Maçado onu da vurğulayıb ki, Venesuelada mövcud böhran yalnız siyasi deyil, həm də humanitar və institusional böhrandır. Və bu vəziyyətdən çıxış üçün ölkənin legitim, xalqın iradəsinə söykənən rəhbərliyə ehtiyacı var.
Digər tərəfdən, ABŞ-ın Venesuelada son davranışları bu ölkədə yalnız hakimiyyət böhranı yaratmır. Belə ki, bu, həm də, beynəlxalq məkanda qlobal hüquq boşluğuna da yol açır. Hətta baş verənlərə ilk reaksiya məhz beynəlxalq hüquq normalarını ən kobud şəkildə pozan Rusiyadan gəlib. Rusiya Xarici İşlər Nazirliyi Venesuelaya endirilən zərbələrin ciddi narahatlıq doğurduğunu və qətiyyətlə pislənməli olduğunu bəyan edib.
Avropa Birliyi diplomatiyasının lideri Kaya Kallas isə təmsil etdiyi qurumun Venesueladakı vəziyyəti yaxından izlədiyini bildirib. O, vurğulayıb ki, Avropa Birliyi Maduro hakimiyyətinin legitim olmadığını dəfələrlə bəyan edib: "Ancaq istənilən halda, beynəlxalq hüququn qüvvədə olan prinsiplərinə və BMT Nizamnaməsinə riayət etmək lazımdır".
Göründüyü kimi, hələlik sərt reaksiyalar olmasa da, hər halda, üstüörtülü və dolayısı yolla Ağ Evə beynəlxalq hüquq normaları xatırladılır. Çünki ABŞ-ın Venesuella diktatoru Nikolas Maduronu "oğurlatması" ilk baxışdan, bu ölkənin xalqının xilas edilməsi kimi görünə bilər. Ancaq əsl reallıqda Ağ Ev atdığı bu addımla beynəlxalq hüquq sistemini birdəfəlik dağıdıb, "dəfn" etmiş oldu.
Belə anlaşılır ki, ABŞ müxtəlif dövlətlərin və xalqların taleyini öz maraqlarına uyğun şəkildə, təkbaşına həll etmək niyyətinə düşüb.Bu, olduqca təhlükəli president yaradır. Yəni, bundan sonra dünyanın güclü dövlətləri bəzi ölkələrdə özlərinə sərfəli olmayan hökumət başçılarına qarşı analoji variant üzrə davrana bilərlər.
Bütün bunlar, xüsusilə də, Venesuelada baş verənlər onu göstərir ki, qlobal xaos dövrü artıq başlayıb. Bundan sonra daha qorxunc hadisələrin baş vermə ehtimalı artıq qətiyyən istisna deyil. Artıq hər kəs anlayır ki, ABŞ-ın diktator Nikolas Maduronu siyasi səhnədən çıxartmaqda əsas məqsədi məhz Venesuelanın təbii sərvətlərini, xüsusilə də neft və minerallarını ələ keçirməkdir.
Bu, o deməkdir ki, Venesuela ABŞ-ın gələcək "istismar əməliyyatı" üçün müqavimətsiz duruma salınıb. Belə görünür ki, bu hadisə öz təbii sərvətlərini ABŞ-ın istismarına könüllü şəkildə verməkdən imtina edən ölkələrin də başına gələ bilər. Və bu baxımdan, dünyanın qlobal xaos, xüsusilə də, təbii sərvətlər uğrunda savaş dövrünə daxil olduğu qətiyyən şübhə doğurmur.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert