Donald Tusk: Ukraynada sülh danışıqlarının başa çatmasına hələ çox var- ÖZƏL
14:34 DünyaPolşanın Baş naziri Donald Tusk Ukraynada sülh danışıqlarının yaxın perspektivdə başa çatmasını real hesab etmir. Olaylar.az xəbər verir ki, o, ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən görüşdən sonra Avropa liderləri ilə aparılan gecə məsləhətləşmələrinin nəticələrinə dair X platformasında paylaşım edərək bildirib ki, "danışıqların sonuna hələ çox var".
Tusk ABŞ tərəfinin Kiyevə təhlükəsizlik təminatlarında iştirak edəcəyinə dair bəyanatını "uğur" kimi qiymətləndirib. Eyni zamanda o, Ukraynada sülhün Rusiyanın şərtləri ilə əldə olunmasının "Qərbin və Ukraynanın geosiyasi mübarizədə məğlubiyyəti" mənasına gələcəyini vurğulayıb.
Xatırladaq ki, Donald Tramp 28 dekabrda Zelenskini Florida ştatının Uest-Palm-Biç şəhəri yaxınlığındakı Mar-a-Laqo iqamətgahında qəbul edib. İki saatdan artıq davam edən görüşdən sonra tərəflər Avropa liderləri ilə videobağlantı vasitəsilə danışıqlar aparıblar. Avropa Komissiyasının sədri Ursula fon der Leyenin sözlərinə görə, müzakirələrin əsas mövzusu təhlükəsizlik təminatları olub.
Birgə mətbuat konfransında Tramp bildirib ki, tərəflər hazırda əvvəlki dövrlərlə müqayisədə razılaşmaya "daha yaxın"dır və müəyyən razılaşmanın "bir neçə həftə ərzində" mümkün ola biləcəyini istisna etmir. Bununla belə, o, razılaşmanın ümumiyyətlə əldə olunmaya biləcəyini də qeyd edib. Zelenski isə Ukraynanın ərazi güzəştləri ilə bağlı mövqeyinin hələ də Rusiya ilə üst-üstə düşmədiyini bildirib.
Görüşdən əvvəl Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. O, söhbəti "çox yaxşı və səmərəli" adlandırıb. Kremlin nümayəndəsi Yuri Uşakovun sözlərinə görə, Tramp telefon danışığı zamanı Putinin arqumentlərini və Moskvanın mövqeyini diqqətlə dinləyib.